Gənclərdən
ibarət yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatını birinci
pillədə başa vurub.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən
çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq
çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov xorvatiyalı
Mixael Beseniçə, hindistanlı Kurşnat Kuradeyə, rusiyalı Aslan Visaitova və
iranlı Bahruz Malekiyə qalib gələrək finala yüksəlib. Güləşçimiz qızıl medal
uğrunda görüşdə Qırğızıstan idmançısı Rustam Teişova qalib gələrək dünya
çempionu olub.
Ruhin Mikayılov (66 kq) ilk görüşdə Moldova güləşçisi Daniel Kataraqadan üstün
olub. Ardıcıl olaraq Hrant Kalaçyanı (Ermənistan), Şoqo Takahaşini (Yaponiya)
və İbrahim Mohmudu (Misir) məğlub edən güləşçimiz finalda gürcüstanlı Şmaqi
Bolkvadze ilə üz-üzə gəlib. Rəqibinə uduzan Ruhin Mikayılov gümüş medalla
kifayətlənib.
İslam Abbasov (84 kq) da finaladək maneəsiz irəliləyib. Bolqarıstanlı Yoan
Dimitrovu və İsveç idmançısı Emil Sandahı üstələyən güləşçimiz dörddəbir
finalda Ermənistan təmsilçisi Varujhan Qriqoryan ilə qarşılaşıb. İslam Abbasov
44 saniyə ərzində rəqibinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Yunanıstan
təmsilçisi Dmitros Tserekidisi məğlub edən güləşçimiz finala yüksəlib. Bu
görüşlərdə 23 xal qazanan güləşçimiz cəmi bir xal itirib. Finalda Almaniya
idmançısı Denis Kudlaya qalib gələn İslam Abbasov fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.
Yunan-Roma güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla
Azərbaycan güləş tarixində yeni səhifə yazıblar. Səkkiz çəki dərəcəsindən
altısında finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı
əllərdə olduğunu sübut ediblər. Yekunda 59 xal toplayan yığmamız komanda
hesabında dünya çempionatını ilk sırada tamamlayıb. İkinci yerdə Gürcüstan,
üçüncü sırada Türkiyə yığması qərarlaşıb.
Yunan-Roma güləşçiləri bu gün 19.30-da vətənə qayıdırlar.
olimpnews.az