Gənc yunan-Roma güləşçilərimiz dünya birinciliyində 5 qızıl, 1 gümüş medal qazandılar

Gənc yunan-Roma güləşçilərimiz dünya birinciliyində 5 qızıl, 1 gümüş medal qazandılar


Xorvatiyanın paytaxtı Zaqreb şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçirilir.
Çempionatın ilk günündə çəkisi 50 kq, 60 kq, 74 kq və 96 kq olan yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil ediblər.
Pəhləvanlarımız ilk yarış günündə 3 qızıl medala sahib çıxıblar.
50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev ilk görüşdə erməni rəqibini tam üstünlüklə məğlub edib. Növbəti görüşdə Koreya güləşçisinə qalib gələn idmançımız yarımfinalda qazaxıstanlı Kanaqat Akilbeki mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda həlledici görüşə çıxan İbrahim Nurullayev Ukrayna təmsilçisi Oleksey Jabskiyə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Çəkisi 60 kq olan idmançıların mübarizəsində ölkəmizi Elman Muxtarov təmsil edib. Güləşçimiz finala gedən yolda Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçilərini yarışdan kənarlaşdırıb. Həlledici mərhələdə isə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Gərgin keçən qarşılaşmada düzgün taktika seçən güləşçimiz qalib gəlib və qızıl medala sahib çıxıb.

Yarışlara 1/16 final mərhələsindən başlayan Orxan Nuriyev (96 kq) ilk görüşdə Çin təmsilçisi üzərində qələbə qazanıb. Ardınca Polşa, Bolqarıstan və Norveç güləşçilərini də məğlub edən təmsilçimiz finala çıxıb. Pəhləvanımız həlledici mərhələdə Koreya idmançısı ilə görüşdən də qalib ayrılıb və qızıl medala layiq görülüb.
Yarışların ikinci günündə çəkisi 55 kq, 66 kq, 84 kq və 120 kq olan yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar. Pəhləvanlarımız ilk günkü uğuru davam etdirərərk 2 qızıl və 1 gümüş medal qazanıblar.
55 kq çəkidə yarışan Murad Məmmədov mübarizəyə inamla başlayıb. Xorvatiyadan olan ilk rəqibini cəmi 10 saniyə ərzində tam üstünlüklə məğlub edən güləşçimiz Hindistan, Rusiya və İran idmançıları ilə görüşdən də qalib ayrılıb və finala çıxıb. Bu görüşlərdə rəqiblərindən 30 xal alan Murad cəmi 2 xal verməklə dünya çempionluğu yolunda iddiasında olduğunu göstərib. Finalda Qırğızıstan güləşçisi ilə qarşılaşan güləşçimiz rəqibini məğlub edərək dünya çempionu adını qazanıb.
Mübarizəyə 1/16 finaldan başlayan Ruhin Mikayılov (66 kq) ilk görüşdə Moldova güləşçisindən üstün olub. Növbəti görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşan güləşçimiz gərgin keçən qarşılaşmanı öz xeyrinə tamamlamağı bacarıb. Məlumat üçün qeyd edək ki, Ruhin Mikayılovun mübarizədən kənarlaşdırdığı erməni idmançısı Hrant Kalaçyan bir ay öncə gənclər arasında Avropa çempionu adını qazanmışdı. Ermənistanlı rəqibini inamla məğlub edən güləşçimiz ardıcıl olaraq Yaponiya və Misir təmsilçilərinə də qalib gələrək finala çıxıb. Təəssüflər olsun ki, Ruhin bu mərhələdə Gürcüstan idmançısı ilə görüşdən məğlub ayrılıb və dünya çempionatının gümüş medalı ilə kifayətlənib.
84 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov da finala qədər maneəsiz irəliləyib. Bolqarıstan və İsveç təmsilçilərini üstələyən güləşçimiz 1/4 finalda erməni güləşçi ilə qarşılaşıb. İslam cəmi 44 saniyə ərzində rəqibini tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Yunanıstan təmsilçisi ilə yarımfinal görüşünü də qələbə ilə başa vuran güləşçimiz finala çıxıb. Bu görüşlərdə rəqiblərindən 23 xal alan İslam cəmi 1 xal verib və inamlı təsir bağışlayıb. Finalda onun rəqibi Almaniya idmançısı olub. Gərgin keçən qarşılaşmada əzmkarlıq nümayiş etdirən İslam qələbə qazanaraq, çempionatı qızıl medalla başa vurub.
Sevindirici haldır ki, çempionatın ilk iki günündə erməni rəqibləri ilə 4 dəfə qarşılaşan təmsilçilərimiz bütün görüşlərdən qalib ayrılıblar.
Yunan-Roma güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanaraq, Azərbaycan güləş tarixində yeni səhifə yazıblar. 8 çəki dərəcəsindən 6-da finala çıxan təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut ediblər. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında da dünya çempionu adını qazanıb. Gürcüstan millisi ikinci, Türkiyə isə üçüncü yeri tutub.
Məlumat üçün bildirək ki, 2012-ci ildə Tailandda keçirilən dünya çempionatında da gənclərdən ibarət yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olmuşdular. Lakin həmin vaxt vətənə 3 qızıl və 1 bürünc medalla qayıtmışdılar.
Yarışların üçüncü günündə çəkisi 44 kq, 51 kq, 59 kq və 67 kq olan gənc qızlar mübarizəyə başlayıblar. Güləşçilərimiz 3 çəki dərəcəsində təmsil olunublar. Təəssüf ki, idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib.