«Neftçi İdman Klubu» xəbər verir

«Neftçi İdman Klubu» xəbər verir


Güləş
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçirilib. "Neftçi İdman Klubu”nun yetirməsi Elman Muxtarov (60 kq) finala qədər inamla irəliləyib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda onun rəqibi erməni güləşçisi Karen Aslayan olub. Gərgin keçən qarşılaşmada düzgün taktika seçən güləşçimiz 4:1 hesabı ilə qalib gəlib və dünya çempionu tituluna sahib olub.
Klubumuzun digər yetirməsi Orxan Nuriyev isə mübarizəyə Çin güləşçisi üzərində qələbə ilə başlayıb. Sonra o, Polşa, Bolqarıstan və Norveç təmsilçilərini də məğlub edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə pəhləvanımız Koreya idmançısı Kim Seungjun ilə görüşdən də qalib ayrılıb və qızıl medala sahib olub.

*  *  *

"Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turniri keçirilib. Sayca 7-ci dəfə təşkil olunan yarışda dünyanın 40-a yaxın ölkəsindən 400-ə qədər idmançı iştirak edib.
"Neftçi İdman Klubu”nun pəhləvanları yarışda uğurla çıxış edərək, 4-ü qızıl, 2-si gümüş və 3-ü bürünc olmaqla, 9 medala yiyələniblər. Daha yaxşı təsir bağışlayan yunan-Roma güləşçilərimizdən Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq) və Elvin Mürsəliyev bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medala sahib olublar. Rəsul Çunayev (71 kq) 2-ci, Rüstəm Əliyev (71 kq) isə 3-cü yerə çıxıb. Sərbəst güləşçilər arasında Hacı Əliyev turnirin qalibi olub. 70 kq çəki dərəcəsində mübarizə aparan Emin Əzizov gümüş, Yaşar Əliyevlə (57 kq) Ağahüseyn Mustafayev (65 kq) isə bürünc medallara layiq görülüblər.



Cüdo
Çexiyanın Praqa şəhərində gənc cüdoçuların Avropa kubokuna yekun vurulub. 36 ölkənin təmsilçilərinin qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində keçməsi ilə yadda qalıb. Klubumuzun yığma komandanın heyətində yer almış cüdoçularından 60 kq-da çıxış edən Davud Məmmədov və Hüseyn Rəhimli (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan millisi ümumkomanda hesabında 3-cü yeri tutub.


Futbol
"Neftçi İdman Klubu”nun U-15 futbol komandası iyulun 21-dən 31-dək Gürcüstanın Kobuleti şəhərində təlim-məşq toplanışında olub. Futbolçular intensiv məşqlərlə yanaşı, bir sıra yoldaşlıq görüşlərində də özlərini sınayıblar. İlk oyunu Kobuletinin yerli UGİM-16 komandası ilə keçirmiş təmsilçimiz 2:0 hesabı ilə qələbə qazanıb. İki gün sonra qarşılaşdığı Tbilisinin "Meqrani” komandasını isə darmadağın edib - 5:0. Sevindirici haldır ki, bu oyunda İbrahim Əliyev 4 dəfə fərqlənib. Növbəti oyunu komandamız Zestafoninin eyniadlı U-15 komandasına qarşı keçirib və yenə qalib gəlib - 2:0. Dördüncü sınaq oyununda komandamız Batuminin "Dinamo” U-16 komandasına 1:2 hesabı ilə uduzub. Nəhayət, son yoxlama oyununu Tbilisinin təcrübəli "İberiya” U-17 komandasına qarşı keçirən təmsilçimiz 1:3 hesabı ilə məğlub olub.
Təbii ki, intensiv məşqlərlə yanaşı, daha güclü rəqiblərlə keçirilən oyunlar komandamız üçün böyük təcrübədir. Məşq və oyunlarla bərabər, futbolçulara texniki-taktiki, fiziki hazırlıq üzrə mütəmadi olaraq, nəzəri məşğələlər də keçirilib.

Kunq-fu
Çinin paytaxtı Pekində kunq-fu üzrə 3-cü dünya çempionatı keçirilib. Yarışda 64 ölkənin 500-dən çox idmançısı öz bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu”nun çempionatda təmsil olunmuş 6 yetirməsi 5 qızıl, 3 gümüş və 1 bürünc medala layiq görülüb. Ruzi Vəliyev, Rafət Əsədov, Tural Cavadov, İlkin Qurbanov və Samir Salmanov göstərdikləri məharət sayəsində dünya çempionu adını qazanıblar. Gümüş medallara Ruzi Vəliyev (gənclərin məharəti texnikası), Rafət Əsədov (qarşılıqlı əl döyüşü) və Tural Cavadov (qarşılıqlı əl döyüşü) sahib olublar. Digər idmançımız Cəlal Cəlallı isə gəncliyin məharəti texnikası üzrə yarışı 3-cü yerdə başa vurub.

Tofiq Ataxanoğlu,
"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist