Yeniyetmələrin I Olimpiya Oyunlarında uğurla təmsil olunduq

Yeniyetmələrin I Olimpiya Oyunlarında uğurla təmsil olunduq


Yeniyetmələrin ilk Olimpiya oyunları 2010-cu ildə Sinqapurda təşkil edilib. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında dünyanın 205 ölkəsindən 3600 idmançı 26 növ üzrə qüvvəsini sınayıb. 12 gün davam edən Sinqapur-2010 yeniyetmələr arasında ən güclüləri üzə çıxarıb və bu yarışda yalnız 97 ölkənin nümayəndələri medal qazana biliblər.

Azərbaycan komandası Sinqapur-2010 Olimpiadasında idmanın 6 növü üzrə - güləş, boks, ağırlıqqaldırma, cüdo, taekvondo, kanoe -12 idmançı (güləş -5 nəfər, boks-3 nəfər, ağırlıqqaldırma - 1, cüdo -1, taekvondo-1, kanoe-1 nəfər) ilə təmsil olunub. Ölkəmiz bu yarışlarda 8 medal (5 qızıl, 3 gümüş) qazanaraq dünya ölkələri sırasında 11-ci, Avropa ölkələri sırasında 6-cı yeri tutub.
İdmançılarımızdan Sinqapur-2010 Olimpiadasında Murad Bazarov (yunan-Roma güləşi, 42 kq), Elman Muxtarov (yunan-Roma güləşi, 50 kq), Patimat Baqomedova (qadın güləşi, 52 kq), Nicar Rəhimov (ağırlıqqaldırma, 69 kq), Əli Mamomeddabirov (sərbəst güləş, 100 kq) qızıl medal qazanıblar. Kənan Quliyev (sərbəst güləş, 54 kq), Salman Əlizadə (48 kq) və Elvin İsayev (boks, 57 kq) isə olimpiadanın gümüş medalına layiq görülüblər.

Səadət Zifi qızı