Güləşçilər Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında tam heyətlə çıxış edəcəklər
Dünən Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan nümayəndə heyətinin Yeniyetmələrin İkinci Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Çinin Nankin şəhərinə yola salınması ilə bağlı tədbir keçirilib.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb və idmançılara uğurlar arzulayıb.
Tədbirin sonunda Azərbaycan milli komandasının 2010-cu ildə Sinqapurda keçirilən birinci Yay Olimpiya Oyunlarındakı çıxışına həsr olunan slayd-şou nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan "Nanjinq-2014”də idmanın 7 növü üzrə 21 nəfərlik heyətlə təmsil olunacaq. Güləş yarışlarında isə komandamız tam heyətlə iştirak edəcək. Güləşçilərimiz Olimpiya oyunlarına vəsiqələri bu ilin may ayında Bolqarıstan Respublikasının Samokov şəhərində keçirilən Avropa çempionatında qazanıblar.
Azərbaycan Güləş federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları 25-27 avqust tarixlərində keçiriləcək. Ölkəmizi sərbəst güləş yarışlarında Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), qadın güləşçilərin yarışında Leyla Qurbanova (52 kq), yunan-Roma güləşi üzrə yarışlarda isə Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev iştirak edəcək.
Xatırladaq ki, 2010-cu ildə ilk dəfə keçirilən yeniyetmələrin Olimpiya oyunlarında güləşçilərimiz tam heyətlə iştirak etmiş və 4 qızıl və 1 gümüş medala sahib olmuşdular.
olimpnews.az