Pəhləvanlarımız dünya çempionatını 12 medalla başa vurublar

Pəhləvanlarımız dünya çempionatını 12 medalla başa vurublar

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatına yekun vurlub.
Çempionatın üçüncü günündə çəkisi 44 kq, 51 kq, 59 kq və 67 kq olan gənc qızlar mübarizə aparıblar.
Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında ölkəmizi Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) təmsil ediblər. Yarışların üçüncü günündə komandamız 3 çəki dərəcəsində təmsil olunub və 1 bürünc medala sahib çıxıb.
Komandamıza bürünc medalı 67 kq çəki dərəcəsində mübarizə aparan Raqnetta Qurbanzadə qazandırıb. Xanım güləşçimiz ilk görüşdə Yaponiya təmsilçisi ilə qarşılaşıb. Görüş güləşçimiz üçün uğurlu olmasa da, rəqibin finala çıxması ilə Raqnetta təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Bolqarıstan güləşçisi ilə qarşılaşan təmsilçimiz görüşdə qələbə qazanıb və bürünc medal uğrunda güləşmək hüququ qazanıb. Həlledici görüşdə İsveç idmançısını məğlub edən pəhləvanımız bürünc medala layiq görülüb.
Yarışların dördüncü günündə 48 kq, 55 kq, 63 kq və 72 kq çəki dərəcələrində gənc qızlar qüvvələrini sınayıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurublar.

55 kq çəkidə təmsilçimiz Solmaz Həşimzadə Tunis, Polşa və Türkiyədən olan rəqiblərini üstələyərək yarımfinala yüksəlib. Bu mərhələdə Ukrayna güləşçisinə məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Son görüşdə Solmaz Kanada güləşçisinə qalib gələrək dünya çempionatının bürünc medalına yiyələnib.
Çəkisi 72 kq olan idmançıların mübarizəsində Səbirə Əliyeva ölkəmizi təmsil edib. Mübarizəyə 1/8 finaldan başlayan xanım güləşçimiz ardıcıl olaraq Xorvatiya, Türkiyə və Qazaxstan təmsilçilərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə idmançımızın rəqibi rusiyalı Anjela Katayeva olub. Rəqibinə böyük hesabla qalib gələn güləşçimiz dünya çempionu adını qazanıb.
Digər xanım güləşçilərimiz Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq) və Elmira Qəmbərova (63 kq) məğlub olaraq mükafatçılar sırasına düşə bilməyiblər.

Beləliklə, qızlardan ibarət güləş yığmamız 1 qızıl və 2 bürünc medal qazanmaqla Azərbaycan güləşində yeni tarix yazdılar. Məlumat üçün qeyd edək ki, bu son 5 ildə gənc qızların qazandığı ən yüksək nəticədir. Qadın güləşinin ölkəmizdə yeni yaranmasını nəzərə alsaq, o zaman bu nəticəni uğurlu hesab etmək olar.
Xatırladaq ki, gənc qızlarımız indiyə qədər iştirak etdikləri dünya çempionatlarında ilk qızıl medalı 2010-cu ildə qazanıblar. 2013-cü ildə isə, analoji yarışı qızlarımız 2 bürünc medalla tamamlayıblar. Bu dəfəki dünya çempionatında isə, komandamız 1 qızıl və 2 bürünc medal qazanaraq komanda hesabında üçüncü yerdə qərarlaşıb.
Birinci və ikinci yerləri isə müvafiq olaraq Yaponiya və Rusiya komandaları tutublar.
Yarışların beşinci günündə sərbəst güləşçilər mübarizəyə başlayıblar. Döşək üzərinə ilk olaraq çəkisi 50 kq, 60 kq, 74 kq və 96 kq olan pəhləvanlar çıxıblar. Güləşçilərimiz 1 gümüş və 1 bürünc medala layiq görülüblər.
60 kq çəkidə yarışan Vurğun Əliyev ilk görüşündə ABŞ idmançısına məğlub olsa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə çıxmaq şansı əldə edib. Ardıcıl olaraq Yaponiya və Gürcüstan idmançılarını mübarizədən kənarlaşdıran güləşçimiz bürünc medal uğrunda yarışda Belarus təmsilçisindən üstün olub. Rəqibi üzərində inamlı qələbə qazanan Vurğun Əliyev dünya çempionatının bürünc medalına sahib olub.
Çəkisi 74 kq olan idmançıların yarışında komandamızı Məhəmmədhacı Muxutov təmsil edib. Gənc pəhləvanımız finala qədər inamla irəliləyib. Yeni Zelandiya, İsveçrə və Belarus idmançılarını mübarizə kənarlaşdıran təmsilçimiz, yarımfinalda güclü İran pəhləvanına öz gücünü göstərib. Güləşçimiz finalda Fransa təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və güləşçimiz gümüş medalla kifayətlənib.
Çempionatın son günündə çəkisi 55 kq, 66 kq, 84 kq və 120 kq olan sərbəst güləşçilər döşək üzərinə çıxıblar. Güləşçilərimiz yarışların sonuncu günündə 1 gümüş medal qazanıb.
55 kq çəki dərəcəsində Mircəlal Həsənzadə finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Qazaxstan və Yaponiya güləşçilərini təmiz qələbə, Gürcüstan güləşçisini böyük hesabla üstələyən təmsilçimiz, yarımfinalda ABŞ idmançısı ilə qarşılaşıb. O, bu mərhələdə ABŞ təmsilçisi Gilman Tomasa qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə Mircəlal Həsənzadə Rusiya idmançısına minimal xal fərqi ilə məğlub olaraq dünya çempionatının gümüş medalına sahib çıxıb.
Digər güləşçilərimiz - Arif Hüseynov (50 kq), Murad Süleymanov (66 kq), Nurməhəmməd Hacıyev (84 kq), Səid Həmidov (96 kq) Oyan Nəzəriani (120 kq) çempionatı medalsız başa vurublar.
Xatırladaq ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri 5 qızıl və 1 gümüş medal qazanaraq komanda hesabında dünya birincisi olmuşdu.
Beləliklə, gənclərdən ibarət güləş yığmalarımız dünya çempionatını 12 (6 qızıl, 3 gümüş, 3 bürünc) medalla başa vurublar.