Nəsimi rayonunda idmanın kütləviliyi təmin olunub

Nəsimi rayonunda idmanın kütləviliyi təmin olunub

Azərbaycanda digər sahələr kimi, idman da yüksək sürətlə inkişaf edib. Respublikamızın əksər bölgələrində müasir standartlı Olimpiya idman kompleksləri, süni ot örtüklü meydançalar və digər qurğular tikilərək, xalqın istifadəsinə verilib. Təmsilçilərimizin beynəlxalq arenalarda qazandıqları uğurlar ildən-ilə artmaqdadır. Rayon gənclər və idman idarələri də bu inkişafa daim öz töhfələrini verirlər.

Kütləvi yarışlardan biri olan spartakiada Nəsimi rayonunda yüksək səviyyədə keçirilir. Rayonun ərazisində yerləşən məktəblərin komandaları müxtəlif növlər üzrə keçirilən spartakiadalarda böyük həvəslə iştirak edirlər. Yarışlar bu dəfə 14 idman növü üzrə təşkil olunub. Rayonun 164 saylı orta məktəbinin idman bazasında keçirilən yarışlarda oğlanlar və qızlar basketbol üzrə qüvvələrini sınayıblar.
Ötən il yanvar ayının sonunda rayonun şahmat-dama məktəbində rayon sakinləri arasında dama yarışları təşkil olunub. 44 saylı orta məktəbdə XXIV Spartakiada yarışları çərçivəsində qızlar və oğlanlar arasında voleybol yarışları təşkil olunub. Rayonun həvəskar komandaları arasında dördnövçülük üzrə yarış keçirilib.
Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində "İdman ili”nə həsr olunmuş 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə kütləvi idman tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərləri iştirak ediblər.
Aprel ayında 240 saylı orta məktəbin meydançasında həvəskar komandalar arasında mini futbol, XXIV Spartakidanın dördnövçülük üzrə yarışları təşkil olunub.
159 saylı orta məktəbin meydançasında oğlanlar arasında mini futbol, spartakiada çərçivəsində "Cırtdan” yarışları keçirilib. İyun ayında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Şən start” turniri keçirilib. Həmin ay Milli parkda kütləvi yürüş, şahmat-dama məktəbində isə turnir təşkil olunub. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 6 saylı uşaq-gənclər güləş məktəbində yeniyetmələr arasında güləş yarışları keçirilib. Burada 72 idmançı bacarığını nümayiş etdirib. Fərqlənən idmançılar diplom və hədiyyələrlə təltif olunublar. İyul ayında Zabitlər bağında idarənin və "Tuqantel” Tatar Mədəniyyəti Cəmiyyətinin birgə təşkilatçılığı ilə taekvando, karate, güləş və "Cırtdan” yarışları keçirilib. Yarışlarda 157 idmançı mübarizə aparıb. Avqust ayında İOEUGİM-də taekvondo üzrə turnir keçirilib. İki gün davam edən yarışda 90-a yaxın idmançı çıxış edib.
Rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı 240 saylı orta məktəbin meydançasında qız və oğlan komandalarının iştirakı ilə məhəllələrarası mini-futbol yarışı keçirilib. Qeyd edək ki, 152 saylı orta məktəbdə XXIV Spartakiadanın bağlanışı və XXV Spartakidanın açılışı mərasimləri təntənəli şəkildə keçirilib.
Oktyabr ayında şahmat-dama məktəbində XXV Spartakidanın proqrammı çərçivəsində dama yarışı keçirilib. Noyabr ayında 240 saylı orta məktəbdə həvəskarlarlar arasında mini futbol turniri olub. Burada 120 nəfər iştirak edib. Həvəskarlar arasında keçirilən basketbol yarışında isə 100 nəfər qüvvəsini sınayıb. 240 saylı məktəbdə məhəllə komandaları arasında futbol yarışı (120 idmançı), 164 saylı orta məktəbdə isə məhəllə komandaları arasında voleybol yarışı yüksək səviyyədə təşkil olunub.
Dekabr ayında şahmat dama məktəbində həvəskarlar arasında nərd yarışı keçirilib. Ötən il Nəsimi rayonunda AFFA və "Coca Cola”nın təşkilatçılığı ilə "Futbol həyəcanını yaşa” yarışı təşkil olunub. Burada çoxlu sayda yeniyetmə bacarığını nümayiş etdirib.
Nəsimi rayonunda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün bir sıra tədbirlər, o cümlədən idman tədbirləri və yarışları keçirilir. Hər il ənənəvi olaraq təşkil olunan "Cəsurlar” və "Şahinlər” hərbi idman oyunlarında rayonun orta məktəblərində təhsil alan alan oğlanlar və qızlar öz qüvvələrini sınayırlar. Onlar bu yarışlara hazırlıq çərçivəsində bir sıra vərdişlərə yiyələnir, fiziki hazırlıqlarını artırırlar. Hərbi idman oyunlarına hazırlıq il boyu davam etdiyindən şagirdlər fiziki hazırlıqlarını yüksəldir, silahdan istifadə etmək qaydalarına yiyələnirlər.

Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayevin sözlərinə görə, rayon təmsilçiləri keçirilən yarışlarda əzmlə mübarizə aparır və mükafatalayiq yerlər tuturlar. "Danılmaz faktdır ki, bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən biridir. Respublikamızın əksər bölgələrində inşa olunan idman qurğuları müxtəlif növlər üzrə beynəlxalq yarışların keçirilməsinə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili” elan olunması heç də təsadüf deyil. "İdman ili”ndə atletlərimiz yüksək nəticələr qazanıblar. Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında əldə olunan 10 medal "İdman ili”nə ən böyük töhfədir. Ötən il ölkəmiz üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, 2012-ci ildə qərara alındı ki, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunları Bakıda keçirilsin.
Qeyd edim ki, rayonumuzun uşaq və yeniyetmələri, eləcə də gəncləri idmana böyük həvəs göstərirlər. Paytaxt, o cümlədən respublika miqyaslı yarışlarda idmançılarımız böyük fəallıq göstərirlər. Bunun sayəsində, komandalarımız bir sıra yarışlarda yüksək nəticələr qazanırlar. Qeyd edim ki, rayonumuzun ərazisində bir sıra uşaq-gənclər idman məktəbləri, idman klubları və cəmiyyətləri yerləşir. Bu da rayonumuzun sakinlərinin idmanla məşğul olmasına şərait yaradır.
Sevindirici haldır ki, məhəllələrarası futbol yarışlarında uşaq və yeniyetmələr böyük fəallıq göstərirlər. Bu yarışlar onlar üçün əsl bayrama çevrilir. İdmançılarımız belə yarışlarda iştirak etdikcə yarış təcrübələrini daha da artırırlar”, - deyə o bildirdi.
Məlumat üçün nəzərinə çatdıraq ki, Nəsimi rayonunda kütləvi idman tədbirləri, birinciliklər və digər yarışlar təşkil olunur. Yarışlarda yeniyetmə və gənclərin kütləvi şəkildə iştirakı təmin edilir, iştirakçıların sayı ildən-ilə artır. Bu tədbirləri keçirməkdə məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, onlarda bu sahəyə maraq oyatmaqdır. Bundan başqa, belə yarışlarda çoxlu perspektivli idmançılar üzə çıxır. Potensialı olan idmançılara idarə tərəfindən diqqət yetirilir. Belə idmançıların gələcəkdə öz məşqlərini davam etdirməsi üçün şərait yaradılır. Bu il də rayonda ayrı-ayrı növlər üzrə bir sıra yarışların keçirilməsi nəzərdə tutulub. İnanırıq ki, rayon təmsilçiləri bu yarışlarda da onlara bəslənilən etimadı doğruldacaqlar.
Esmira Orucova