Anar Bəkirov: “Ölkəmizi avroliqada təmsil etmək üçün sonadək mübarizə aparacağıq”

Anar Bəkirov: “Ölkəmizi avroliqada təmsil etmək üçün sonadək mübarizə aparacağıq”

"Simurq” Peşəkar Futbol Klubunun prezidenti Anar Bəkirov komandanın rəsmi saytına müsahibə verib. Anar müəllim son oyun, o cümlədən komandanın qarşıdakı planları və Rasim Ramaldanovla bağlı sualları ətraflı cavablandırıb.


- Anar müəllim, əvvəlcə "Neftçi” ilə keçirilən son oyun haqqında fikirlərinizi bilmək istərdik...
- Komandanın oyunundan razıyam. Futbolçularımız hər qarşılaşmada sona qədər mübarizə aparırlar. Kubok matçında bunu bir daha sübut etdilər. Mario Bojiçə qırmızı vərəqə göstərilənə qədər, demək olar ki, eyni səviyyədə mübarizə getdi. 11 metrlik cərimə zərbələrinə saniyələr qalmışdı ki, qapımızda qol gördük. Meydanda 1 nəfər azlıqda qalana kimi, komandamızın əsas məqsədi qol vurub, məsələni əsas vaxtda həll etmək idi. Ancaq həmin hadisədən sonra bütün diqqətlər müdafiəyəyə yönəldi. Lakin imkan düşən kimi komanda hücum edirdi və qol vurmaq istəyirdi. Düşünürəm ki, yaxşı oynadıq. Ancaq qalib gəlmək üçün qol vurmaq lazımdır. Qələbə qazanmaq üçün bu, vacib məsələdir.
- Rəqibi necə dəyərləndirirsiniz?
- "Neftçi” ilə son bir ayda artıq üç dəfə qarşılaşmışıq. İlk görüşdə 0:2 hesabı ilə məğlub olmağımıza baxmayaraq, son iki oyunda onlarla bərabər səviyyədə mübarizə apara bildiyimizi düşünürəm. "Neftçi” hazırda Azərbaycanın ən güclü komandasıdır. Klubun rəhbərliyi uğurlar qazanmaq üçün düzgün siyasət müəyyənləşdirib. "Neftçi”də nəticə qazanmaq üçün bütün lazımi işlər görülür. Bunun nəticəsidir ki, komanda yaxşı futbol nümayiş etdirir. Demək olar ki, biz Avropa stilində formalaşmış kluba qarşı mübarizə apardıq. "Neftçi” çox güclü orta xəttə malikdir. Deyərdim ki, "Neftçi” bu zonada Azərbaycanda hər bir komandadan üstündür. Şadam ki, Azərbaycanda "Neftçi” kimi nümunəvi komanda formalaşdırılıb.
- Sizcə, kubok qarşılaşmasının ən yaxşısı kim idi?
- Görüşün baş hakimi Əliyar Ağayev. Ona görə ki, o, yüksək səviyyəli ustalığı və idarəciliyi ilə bir daha Azərbaycanda yaxşı hakimlərdən biri olduğunu sübut etdi. Qarşılaşmanın gözəlliyinə xələl gətirəsi heç bir qərar vermədi. Buna görə ona çox sağ ol deyirəm. Klub rəhbəri olaraq, şadam ki, hazırda Azərbaycanda Əliyar Ağayev kimi gənc, perspektivli hakimlər var. Buna görə də, bu cür hakimləri yetişdirən şəxslərə minnətdaram. Qərarları ilə oyunların nəticələrinə təsir edən, insanları futboldan soyudan hakimlər vəzifələrindən uzaqlaşdırılsa, çox yaxşı olar. Onların əvəzinə bu cür şəxslər təyinat almalıdır. Çirkinliklər, futbola yaraşmayan hərəktlər və qərarlara son qoyulmalıdır. Sonuncu "Neftçi” - "Simurq” oyunu bir daha göstərdi ki, kim kimdir. Əliyar Ağayev kimi hakimlər ölkə futboluna böyük xeyir verir. "Neftçi” məhz öz oyunu ilə bu matçda qalib gəldi. Bu cür oyundan və idarəçilikdən sonra heç kəs deyə bilməz ki, onlar hakimlərin köməkliyi ilə və ya digər yolla bizdən üstün oldular. "Neftçi” - "Simurq” oyununda güclü olan qələbə qazandı.
- Oyundan sonra stadionun paltardəyişmə otağının qapısı qırılmışdı. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, bundan xəbərim var. Oyundan sonra mən də paltardəyişmə otağına getdim və qapının sındığını gördüm. Bu cür oyunlarda emosiyaları idarə etmək çətin olur. Qırılmış əşyalara görə "Neftçi” klubuna müraciətdə etdik ki, dəymiş ziyan nə qədərdisə ödəyək. Ancaq onların rəhbərliyi, şəxsən klubun prezidenti Sadıq Sadıqov bildirdi ki, bu, futboldur. Oyunda belə şeylər olur. Ancaq biz yenə də, prosedura uyğun hərəkət edəcəyik.
- "Simurq” klubunun qarşıdakı planları nədir?
- Komanda ilk işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. Ancaq bu, o demək deyil ki, "Simurq” bununla kifayətlənməlidir. Ölkəmizi avroliqada təmsil etmək üçün sonadək mübarizə aparacağıq. Qarşıdakı 10 turda maksimum nəticə qazanıb, yüksək yerlərdən birini tutmalıyıq.
- Qış fasiləsindən sonra "Simurq” heç bir qarşılaşmada qalib gələ bilməyib. Klub prezidenti kimi, problemi nədə görürsünüz?
- Düz qeyd edirsiniz. Fasilədən sonra heç də asan rəqiblərlə qarşılaşmamışıq. İlk oyunumuz AZAL klubu ilə oldu. Onlar üçün bu matç çox əhəmiyyət daşıyırdı. Bəlkə də, bizimlə oyunda qalib gələ bilməmələri onları ilk "altılıq”dan kənar qoydu. Düşünürəm ki, "Neftçi” ilə görüşdə komandanın oyunu alınmadı. Sonra "Bakı” ilə qarşılaşdıq. Deyərdim ki, bu gün onların ilk "altılıq”da olması, bizimlə görüşdə qazandıqları bir xal sayəsində mümkün olub. "Kəpəz” klubu ilə matçda isə idman şansı bizim tərəfdə olmadı və qələbə qazana bilmədik. Buna baxmayaraq, komandama, futbolçularıma, məşqçi heyətinə çox inanıram. Yenə qeyd edirəm ki, qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Bu məsələni məşqçilər korpusunun da nəzərinə çatdırmışam. Qolsuz heç bir qələbə qazanmaq olmur. Qarşıda bizi çətin oyunlar gözləyir. İlk sınağımız "Qarabağ”la olacaq. Düşünürəm ki, "Simurq” bütün gücünü bu matçda ortaya qoyub qalib gələcək və ilk "altılıq”dakı mübarizəyə gözəl start verəcək. Bu qarşılaşmada komandadan ancaq qələbə gözləyirəm.
- Rasim Ramaldanov söhbətinə aydınlıq gətirməyinizi istərdik...
- Hər şey bəzi mətbuat orqanlarında yazıldığı kimi deyil. Təbii ki, klub prezidenti olaraq, həm məşqçilər korpusundan, həm də komandanın kapitanından pis nəticəyə görə izahat tələb edirəm. "Kəpəz”lə oyunun fasiləsində paltardəyişmə otağına getdim və iradlarımı bildirdim. Rasimi isə cavab qaytardığına görə, oyundan sonra cəzalandırmışam. O, müvəqqəti olaraq, əsas komandadan kənar qalıb. Bugünlərdə isə Rasimin cəzası ilə bağlı son qərarımızı verəcəyəm. Ancaq bilmirsən bu yalan xəbərləri yazanlar jurnalistdir, yoxsa menecerdir. Ağıllarına gələni, ordan-burdan eşitdikləri qələmə alıb, boş-boş söhbətlərlə insanları aldadırlar. Komandamızın baş məşqçisi Georgi Çixradze ilə qarşılıqlı hörmət əsasında qurulmuş dost münasibətim var. Mənim işim, rəhbər olaraq, komandanın ehtiyaclarını ödəmək və onlardan nəticə tələb etməkdir. Heyəti qurmaq, hansı futbolçunun oynayıb-oynamaması ilə bağlı qərar vermək isə baş məşqçinin və onun köməkçilərinin işidir və mən onlara qarışmıram. Çixradze işinin peşəkarıdır. Heç vaxt bununla razılaşmaz və məşqçi kimi buna imkan verməz. "Simurq”da bütün işlər yüksək səviyyədə yerinə yetirilməyə çalışılır. Nəticəsi göz qabağındadır.