«Neftçi İdman Klubu» xəbər verir

«Neftçi İdman Klubu» xəbər verir

Güləş
Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında keçirilən güləş üzrə dünya birinciliyi sona çatıb.
Çempionatın üçüncü və dördüncü günü zərif cinsin nümayəndələri meydana çıxıblar. "Neftçi İdman Klubu” İctimai Birliyinin ("Neftçi İdman Klubu” İB) yetirməsi Səbirə Əliyeva yunan-Roma güləşçilərimizin uğurlarını böyük məharətlə davam etdirib. Belə ki, mübarizəyə səkkizdəbir finaldan başlayan idmançımız ardıcıl olaraq Xorvatiya, Türkiyə və Qazaxıstan təmsilçiləri üzərində parlaq qələbə qazanaraq finala yüksəlib. Həlledici final mərhələsində isə xanım idmançımızın rəqibi rusiyalı Anjela Katayeva olub. Rəqibini böyük hesabla məğlub edən Səbirə Əliyeva dünya çemponu adına sahib olub.
Yarışın beşinci və altıncı günlərində sərbəst güləşçilər mübarizəyə qoşulublar. Klubumuzun pəhləvanlarından 55 kq çəkidə çıxış edən Mircəlal Həsənzadə də finala qədər irəliləyib. Bu yolda o, Qazaxıstan, Yaponiya, Gürcüstan və ABŞ idmançılarını rahatlıqla məğlub edib. Final qarşılaşmasında Mircəlal Rusiya təmsilçisinə minimal xal fərqi ilə məğlub olub və dünya birinciliyinin gümüş medalına layiq görülüb. Digər idmançımız Vurğun Əliyev (60 kq) ilk qarşılaşmada ABŞ idmançısına məğlub olsa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə çıxmaq şansı qazanıb. Yaponiya və Gürcüstan idmançılarına qalib gələn güləşçimiz bürünc medal uğrunda yarışda Belarus təmsilçisini üstələyib və dünya birinciliyinin bürünc medalına yiyələnib.
Xatırladaq ki, çempionatın ilk günündə klubumuzun yunan-Roma güləşçilərindən Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) qızıl, Ruhin Mikayılov (66 kq) isə gümüş medal qazanıb.

Şahmat
Çexiyanın Olamous şəhərində şahmat üzrə açıq turnir keçirilib. "Neftçi İdman Klubu” İB-nin şahmatçısı Zaur Məmmədov inamla çıxış edərək qızıl medala layiq görülüb. Bundan əlavə, idmançımız qrossmeyster normasını da yerinə yetirib.

Pankration
İdman Olimpiya Mərkəzində pankration və MMA üzrə açıq respublika kubokuna yekun vurulub. Yarışda 15 komandadan 250-yə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.
Klubumuzun yetirmələrindən Ehtiram Dərişov (66 kq) kubok yarışının qalibi adını qazanıb. Digər idmançılarımız Əsgər Əsgərov ( 62 kq) və Emin Həsənov (71 kq) fəxri kürsünün 2-ci pilləsində qərarlaşıblar.
Tofiq Gülməmmədov,
"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist