Naxçıvanda İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə oğlan və qızlar arasında üzgüçülük üzrə şəhər birinciliyi keçirilib. Yeniyetmə qızların mübarizəsində 12 idmançı qalib adı uğrunda yarışıb. Üzgüçülüyün 25 metr məsafəyə sərbəst üsulu üzrə keçirilən turnirdə Nərmin İsmayılova bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. İkinci və üçüncü yerlərin sahibləri isə Arjin Doğan və Aysel Yusifzadə olublar.
Yarışda oğlanlar üç yaş qrupunda mübarizə aparıblar. 1999-cu il təvəllüdlü üzgüçülərin yarışında Elşən Babayev, Nihad Quliyev və Rza Abdullayev müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutublar. 2000-2001-ci illər təvəllüdlü iştirakçılardan isə Ülvi Kazımlı, Elçin Əliyev və Vasif Rüstəmov bütün rəqiblərini geridə qoymağı bacarıblar.
2002-2004-cü illər təvəllüdlü üzgüçülərin yarışında Timur Abdullayev, Həsən Abbasov və Məhəmməd Abbasquliyev müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri olublar. Qaliblər və fərqlənən idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.