Pəhləvanlarımız mötəbər turnirə hazırlaşırlar

Pəhləvanlarımız mötəbər turnirə hazırlaşırlar


Sentyabrın 8-14-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. Çempionatda iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımız hazırlıqlarını davam etdirirlər.
Qadın güləşi üzrə yığma komandamızın üzvləri hazırda böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Ukraynanın Zaroslyak şəhərində təlim-məşq toplanışında iştirak edirlər. Güləşçilərimiz yarışlara Ukraynada bu ölkənin yığma komandası ilə birgə hazırlaşırlar. Qadınlardan ibarət yığma komandamızın təlim-məşq toplanışı avqustun 17-dək davam edəcək.
Sərbəst güləşçilərimiz isə, dünya çempionatına Belarusun paytaxtı Minsk şəhərində bu ölkənin yığma komandası ilə birgə hazırlaşırlar. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında keçirilən təlim-məşq toplanışında 16 idmançımız iştirak edir. Avqustun 5-dən başlayan təlim-məşq toplanışı avqustun 20-dək davam edəcək.
Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri də dünya çempionatına ölkədən kənarda hazırlaşırlar. Avqustun 8-dən etibarən Türkiyənin İstanbul şəhərində Türkiyə və Belarus yığmalarının da qoşulduğu təlim-məşq toplanışında 14 güləşçimiz iştirak edir. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı avqustun 22-dək davam edəcək.