Güləşçilərimiz 2014-cü ilin son mötəbər yarışına hazırlaşırlar

Güləşçilərimiz 2014-cü ilin son mötəbər yarışına hazırlaşırlar


Sentyabrın 8-14-də Özbəkistan Respublikasının Daşkənd şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı keçiriləcək. Çempionatda iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə ölkə yığma komandaları hazırlıqlarını davam etdirirlər.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən xəbərə görə, qadın güləşi üzrə yığma komandanın üzvləri iyulun 31-dən böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Ukraynanın Zaroslyak şəhərində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır. Təlim-məşq toplanışı avqustun 17-dək davam edəcək.
Sərbəst güləşçilərimiz isə, dünya çempionatına Belarusun paytaxtı Minsk şəhərində bu ölkənin yığma komandası ilə birgə hazırlaşır. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında keçirilən təlim-məşq toplanışında 16 idmançımız iştirak edir. Avqustun 5-dən başlayan təlim-məşq toplanışı avqustun 20-dək davam edəcək.
Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri də Dünya çempionatına ölkədən kənarda hazırlaşırlar. Avqustun 8-dən etibarən Türkiyənin İstanbul şəhərində Türkiyə və Belarus yığmaları ilə birgə keçirilən təlim-məşq toplanışında 14 güləşçimiz iştirak edir. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı avqustun 22-dək davam edəcək.


olimpnews.az