Olimpiya çempionumuzun adı 10 ən yaxşı idmançı siyahısına düşüb

Olimpiya çempionumuzun adı 10 ən yaxşı idmançı siyahısına düşüb


Buyaxınlarda Rusiya Dövlət Kitabxanasında MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə tədbir keçirilib. Olimpnews.az saytının verdiyi xəbərə görə, tədbirdə SSRİ dövründə idmanda yüksək nəticələr göstərmiş, dünyada şöhrət qazanmış veteran idmançılar bir araya gəliblər. Mərasimdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu və Olimpiya çempionumuz Lyüdmila Şubina da iştirak edib. Rusiyanın paytaxtında təşkil olunan tədbirdə SSRİ dövrünün on ən yaxşı əfsanəvi idmançısının adı müəyyənləşib. Həmyerlimiz Lyüdmila Şubina da bu onluqda yer alıb. Bununla bağlı xüsusi buraxılış nəşr edilib. Burada həmin idmançıların idman və şəxsi həyatları, nəticələri və təmsil etdikləri ölkələri barədə ətraflı məlumat verilib.
Tədbirlə bağlı əlavə məlumat almaq üçün Olimpiya çempionumuzu redaksiyamıza dəvət etdik. Lyüdmila Şubina Moskva səfəri barədə danışarkən dedi: «Rusiya paytaxtında keçirilən tədbirdə Gürcüstan, Özbəkistan, Rusiya, Moldova, Belarus, Ukrayna və digər ölkələrdən olan veteran idmançılar iştirak edirdilər. İdman aləmində öz sözünü demiş Larisa Latınina, Lidiya İvanova, Nikolay Makarov, Sergey Kuşniryuk, Nikolay Alyoxin, Kurban Berdıyev, İrina Viner, İvan Yedeşko kimi əfsanəvi şəxslər bir araya toplaşmışdılar. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin iştirakçıları salamladı və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə indiyəqədər müxtəlif sahələrdə keçirilən tədbirlərdən danışdı. Sergey Narışkin SSRİ dövründə çıxış edən tanınmış idmançılar, onların göstərdikləri nəticələr barədə də söhbət etdi. Tədbir çox maraqlı keçdi. Hamımız sanki keçmiş günlərimizə qayıtmışdıq. 

Qeyd edim ki, tədbirdə SSRİ idmançılarının 1952-ci ildə ilk dəfə çıxış etdikləri Olimpiya oyunlarının ildönümü də qeyd edildi. Həmin Olimpiya oyunlarında çıxış edən SSRİ idmançılarından indi cəmi səkkizi həyatdadır. Bir sözlə, tədbir yüksək səviyyədə qeyd olundu. İştirakçıların hər birinə fəxri diplom və Soçi-2014 Qış Olimpiya Oyunlarının geyim dəsti hədiyyə edildi. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi hər zaman lazımdır. Çünki 40-50 il bundan əvvəl idmanda öz sözünü demiş atletlərin bir yerə toplaşması gənc nəslə örnək ola bilər».