Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qadın güləşçilərin mübarizəsinə start verilib.
Xəbər verdiyimiz kimi, yarışlarda ölkəmizi Leyla Qurbanova (52 kq) təmsil edir. Bu növ üzrə keçirilən yarışlarda yeganə təmsilçimiz uğurla çıxış edir. Mübarizəyə təsnifat mərhələsindən başlayan Leyla Qurbanova əvvəlcə kanadalı Tianna Kennetə (4:0) qalib gəlib. Ukraynalı Olena Kremzeri (3:1) və salvadorlu Mayra Elizabet Vaskes Aparisiodan (4:0) güclü olan idmançımız finala vəsiqə qazanıb.
Ən azı gümüş medala yiyələnən Leyla Qurbanova qızıl medal uğrunda görüşdə yaponiyalı Mayu Mukayda ilə qarşılaşacaq.
Final görüşü Bakı vaxtı ilə saat 15:00-dan sonra keçiriləcək.
Xatırladaq ki, Azərbaycan idmançıları yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında bu günə qədər 2 qızıl, 5 gümüş və 1 bürünc medal qazanıblar.