Mas-wrestlinq üzrə Bakı açıq çempionatı keçirilib

Mas-wrestlinq üzrə Bakı açıq çempionatı keçirilib


"Sədərək” idman klubunda mas-wrestlinq üzrə Bakı açıq çempionatı keçirilib. Yarışda Bakının "Mas-wrestlinq Azərbaycan” cəmiyyəti, "Sədərək”, "Elefatn-Masters”, "Lider” BUDO, "Kentavr” "Yesaul” klubları ilə yanaşı, Mingəçevir, İsmayıllı, Zaqatala, Qusar və Siyəzəndən olan idmançılar da qüvvələrini sınayıblar. Müxtəlif idman növləri üzrə dəfələrlə dünya və Avropa çempionlarının iştirak etdiyi yarışda idmançılar 6 çəki dərəcəsində mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Arif Şahlarov (60 kq), Stas Kondakov (70 kq), Soltan Ağayev (80 kq), Nuru Məmmədəliyev (90 kq), Seymur Heydərov (105 kq) və Vüsal Mərdanov (125 kq) rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mütləq çəki dərəcəsində isə Sadiq Əhmədov birinci yerə layiq görülüb.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Məlumat üçün qeyd edək ki, bu turnirdə birinci yeri tutan idmançılar noyabrın 28-də Rusiyanın Yakutsk şəhərində keçiriləcək I dünya çempionatına vəsiqə qazanıblar.