“İstəyirik ki, əziyyətimiz hədər getməsin”

“İstəyirik ki, əziyyətimiz hədər getməsin”

Respublikamızda idmanın inkişafında bir sıra idman ocaqlarının, Olimpiya idman komplekslərinin, klubların və idman cəmiyətlərinin müstəsna rolu var. Ölkə idmançılarının yüksək nailiyyətlər qazanmasında xidmətləri olan idman klublarından biri də Xosrov Cəfərov adına güləş klubudur. Yenicə fəaliyyət göstərməsinə baxmayaraq, bu idman ocağının yetirmələri dəfələrlə bir sıra turnirlərin qalib və mükafatçısı olublar. Klubun məşqçi-müəllimləri Ricad Məmmədov, Əziz Əsgərov və Əfqan Əzimovun rəhbərliyi altında yeniyetmə idmançılar "Legion” idman zalında yunan-Roma güləşinin incəliklərinə yiyələnirlər. Bu barədə ətraflı məlumat əldə etmək üçün klubun məqçisi Ricad Məmmədovla görüşdük. Qeyd edək ki, Ricad müəllim 1991-ci ildən 2003-cü ilə kimi peşəkar idmanla məşğul olub.

"Üç dəfə Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalib və mükafatçısı adını qazanmışam. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında (AzDBTİA) məşqçi-müəllim ixtisasına yiyələnmişəm. Sonralar isə yunan-Roma güləşi üzrə məşqçi kimi fəaliyyət göstərmişəm. 2013-ci ilin fevral ayında Xosrov Cəfərov adına güləş idman klubunun nəzdində "Legion” idman zalını yaratdıq. Bu zalı ərsəyə gətirmək heç də asan olmadı. Mədəniyyət sarayının direktoru Məmməd Rzayevə burada məşq zalı yaratmaq istəyimi bildirdim. O, bizim üçün lazım olan şəraiti yaratdı. Məşqlərə iki uşaqla başladıq. Hazırda klubda məşq edən uşaqların sayı kifayət qədərdir. Bir ildən çoxdur ki, burada yunan-Roma güləşinin sirlərini yeniyetmələrə öyrədirik. Mən və digər iki məşqçi yoldaşlarım Əziz Əsgərovla Əfqan Əzimov güclü güləşçilərin yetişməsi üçün əlimizdən gələni əsirgəmirik. İdman sağlamlıqdır. Hər bir uşağı sağlam həyat tərzi keçirmək və idmanla məşğul olmaq üçün zalımıza dəvət edirik. İndi bu zalda hər cür şəraitimiz var. Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov və vitse-prezident Fərid Mansurovun köməkliyi ilə bizə güləş döşəkləri verilib”, - deyə Ricad Məmmədov bildirdi.
Xosrov Cəfərov adına güləş klubunun yeniyetmə idmançıları iştirak etdikləri ölkədaxili yarışlarda mükafatalayiq yerlər tutublar. Belə ki, klubun üzvü Teymur Rəhimli (53 kq) iyunun 10-da Azərbaycan Güləş Federasiyasının 1 saylı Bakı nümayəndəliyinin yunan-Roma və sərbəst güləş üzrə təsnifat yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin "Neftçi İdman Klubu” İB-in 2001-2004-cü illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan açıq birinciliyinin də qalibi olub.
Klubun digər üzvü Sərxan Məmmədov (26 kq) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan "Lokomotiv” İSM-in açıq birinciliyində bütün rəqiblərini üstələyib. Sərxan mart ayında "Neftçi İdman Klubu” İB-in açıq birinciliyində də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, istedadlı güləşçinin sonuncu nailiyyəti olmayıb. Belə ki, o, yeniyetmələr arasında yunan-Roma güləşi üzrə "Spartak” KBTİC RŞ-in açıq birinciliyində də fərqlənməyi bacarıb.

İdman ocağının digər yetirməsi Emil Ağayev (59 kq) də iştirak etdiyi müxtəlif turnirlərdə mükafatçılar sırasına düşməyi bacarıb. Gənc pəhləvan "Spartak” KBTİC RŞ-in açıq birinciliyində şəxsi yarışlarda I yerə sahib çıxıb. Emil həmçinin "Neftçi İdman Klubu” İB-in təşkil etdiyi yarışda gümüş medala yiyələnib.
Klubun yetirməsi Əli Zəkəriyəyev (23 kq) və Rəvan Həsənli (29 kq) "Spartak” KBTİC RŞ-in açıq birinciliyində III yerə layiq görülüblər.
Xosrov Cəfərov adına güləş klubunun yeniyetmə idmançısı Xanəhməd Əliyev "Neftçi İdman Klubu” İB-in açıq birinciliyində hamıdan güclü olduğunu sübut edib. Yeniyetmə güləşçi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan "Lokomotiv” İSM-in açıq birinciliyində də qızıl medal qazanıb.
İyunun 10-da Azərbaycan Güləş Federasiyasının 1 saylı Bakı nümayəndəliyinin yunan-Roma və sərbəst güləş üzrə təsnifat yarışı keçirilib. Yarışda iştirak edən Xosrov Cəfəorv adına güləş klubunun yetirmələri fəxri kürsünün ilk üç pilləsində yer alıblar.
Belə ki, Süleyman Salmanov (63 kq) gümüş, Tamerlan Şirinov (26 kq) və Mehman Yusifli (63 kq) isə turnirin bürünc medallarına sahib çıxıblar.
Onu da deyək ki, güləş tariximizin parlaq simalarından olan Fərid Mansurov, Rövşən Bayramov dəfələrlə zala gələrək idmançılarla görüşüb, onlara məsləhətlər veriblər. Təcrübəli güləşçilərin tövsiyələri yeniyetmə pəhləvanları daha da ruhlandırıb.

"Fikrimcə, bu cür idmançıları məşq zalında görən hər bir gənc güləşçi daha da həvəslənir. Onlar da istəyirlər ki, gələcəkdə tanınmış, titullu idmançı olsunlar. Qeyd edim ki, yay aylarında məşqlərimiz hər gün səhər saatlarında başlayır. Orta məktəbdə dərslər başladıqdan sonra isə məşqlərin saatında dəişiklik ediləcək. Burada əsasən 7-12 yaş arası uşaqlar məşqlərə cəlb olunur. Əvvəllər özüm orta məktəblərə gedərək istedadlı uşaqları seçirdim. Hazırda isə valideynlərin özləri uşaqlarını zalımıza gətirirlər. Əsas məqsədimiz güləşin yunan-Roma növünü inkişaf etdirmək və təbliğini artırmaqdır. Bu zalda məşq edən hər bir idmançıya böyük ümid bəsləyirəm. Onlar çox istedadlı uşaqlardır. Klubumuzun yeni yaranmasına baxmayaraq, yetirmələrimiz iştirak etdikləri bir neçə yarışlarda mükafat qazanmağı bacarıblar. İnanıram ki, bu yeniyetmə pəhləvanlar gələckdə də özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, bu idman zalını ərsəyə gətirmək bizim üçün heç də asan başa gəlməyib. Bunun üçün də çox istəyirik ki, əziyyətimiz hədər getməsin. Çalışırıq ki, bu zalda dünya, Avropa və Olimpiya çempionları yetişdirək. Bunun üçün hər cür şəraitimiz mövcuddur”, - deyə məşqçi əlavə etdi.