Sumoçumuz Tayvanda bürünc medal qazanıb

Sumoçumuz Tayvanda bürünc medal qazanıb



Tayvanın Kauşunk şəhərində keçirilən sumo üzrə 19-cu dünya çempionatına yekun vurulub. 40-a yaxın ölkənin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar.
Komandamız yarışda Sumo Federasiyasının prezidenti Samir Abdullayev və baş məşqçi Rüfət İsmayılovun rəhbərliyi altında iki sumoçu ilə təmsil olunub. Yığmamızın heyətində yeniyetmələr arasında ikiqat Avropa birinciliyinin qalibi Zaur Kərimov (80 kq), böyüklərin yarışında isə dəfələrlə Avropa çempionatının mükafatçısı Soltan Ağayev (85 kq) qalib adı uğrunda mübarizə aparıb.

Yarışın birinci günündə çıxış edən Zaur Kərimov yeniyetmələr arasında dünya çempionatında bürünc medala layiq görülüb. Təmsilçimiz ilk iki görüşdə Avstraliya və Almaniya idmançılarını məğlub edərək yarımfinala vəsiqə qazanıb. Təəssüf ki, idmançımız növbəti mərhələdə yaponiyalı sumoçuya məğlub olub. Bununla belə Zaur Kərimov üçüncü yer uğrunda görüşdə Misir idmançısına qalib gələrək bürünc medala sahib çıxıb.
Çempionatın ikinci günündə böyüklərin yarışında Soltan Ağayev (85 kq) mübarizə aparıb. İlk görüşündə yaponiyalı idmançıya məğlub olan təmsilçimiz rəqibi finala vəsiqə qazandığı üçün bürünc medal uğrunda görüşə çıxıb. Növbəti mərhələdə Misir güləşçisindən üstün olan idmançımız sonra bolqarıstanlı rəqibinə uduzaraq çempionatla vidalaşıb.
Beləliklə, dünya çempionatında iki idmançı ilə təmsil olunan komandamız Tayvan səfərindən bir bürünc medalla qayıdıb.