Paytaxtımız “V1 Challenge Azerbaijan” yarışına ev sahibliyi edəcək

Paytaxtımız “V1 Challenge Azerbaijan” yarışına ev sahibliyi edəcək


Bakıda ilk dəfə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə "V1 Challenge Azerbaijan” yarışı keçiriləcək.
Son 3 ildə (2011, 2012 və 2013) 110 mindən çox izləyiciyə həyəcanlı anlar yaşadan "V1 Challenge” yarışı həm də sağlam həyat tərzini təbliğ edir.

"V1 Challenge Azerbaijan” ərəfəsində Bakıda yarışın təqdimatına həsr olunmuş şou təşkil ediləcək. Tezliklə "Baku Crystal Hall”da keçiriləcək bu şouda peşəkar pilotlar birincilik uğrunda mübarizə aparacaqlar. Onlar sürətli idarəetmədə heyrətləndirici manevr və hərəkət dəqiqliyi nümayiş etdirəcəklər.
Yarışda Azərbaycan və digər ölkələrdən 16 pilotun iştirakı nəzərdə tutulub.
Şoudan əvvəl isə Azərbaycanın tanınmış siyasət və mədəniyyət xadimlərinin də iştirakı ilə yarış avtomobillərinin yürüşü keçiriləcək.
Avqustun 25-dən "V1 Challenge Azerbaijan” yarışı ilə əlaqədar təlimlərə başlanılıb. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun iştirakı ilə keçirilən təlimlərdə yarışlarda iştirak edəcək pilot və hakimlərə nəzəri-praktik məşqlər keçilib.