Kişi hokkeyçilərimiz ciddi sınaq qarşısında

Kişi hokkeyçilərimiz ciddi sınaq qarşısında


Beynəlxalq Hokkey Federasiyası mötəbər yarışların keçirilməsi sistemində etdiyi dəyişikliklərə görə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq 31-ci Yay Olimpiya Oyunlarında və iki ildən bir keçirilən növbəti dünya çempionatlarında iştirak qaydaları yenilənib. Bir sıra idman növlərində olduğu kimi, otüstü hokkeydə də qeyd edilən məsul yarışlara seçim "Dünya Hokkey Liqası” adı altında təşkil olunan turnirlər vasitəsilə həyata keçirilir. Odur ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının mötəbər yarışlarda iştirakı məhz qeyd olunan turnir vasitəsilə reallaşa biləcək. Planetin reytinq cədvəlində 33-cü yeri tutan kişilərdən ibarət yığmamız Dünya Hokkey Liqasının I mərhələsindən mübarizə aparacaq. Həmin yarış 2014-cü il sentyabrın 5-dən 7-dək Omanın Muskat şəhərində keçiriləcək. Komandamız qarşıdakı turnirdə uğurla çıxış edərək II mərhələyə vəsiqə qazanmaq üçün Bakıda son məşqlərini keçirir. Yığmamız sentyabrın 2-də Omana yola düşəcək. Azərbaycan hokkeyçilərinin mübarizə apardığı qrupda 4 ölkənin təmsilçiləri dairəvi sistemlə qalibi aşkar edəcəklər. Azərbaycan komandası təqvim üzrə ilk oyununu sentyabrın 5-də İran İslam Respublikasının yığmasına qarşı keçirəcək. Ertəsi gün rəqibimiz meydan sahibləri Oman idmançıları olacaqlar. Sentyabrın 7-də - yarışın sonuncu günü hokkeyçilərimiz Tailland millisini sınağa çəkəcəklər. Reqlamentə görə, turnirdə I yeri tutan seçmə komanda Dünya Hokkey Liqasının II raunduna vəsiqə qazanacaq. Həmin mərhələnin oyunları hərəsində 8 iştirakçı olmaqla ABŞ, Sinqapur və CAR-da keçiriləcək. Oman turnirinin qalibi 2015-ci il martın 7-dən 15-dək Cənubi Afrika Respublikasında keçiriləcək II mərhələdə yarışmaq hüququ qazanacaq. Əlbəttə, belə bir vəzifə Azərbaycan hokkeyçilərinin də qarşısına qoyulub və inanırıq ki, milli komandamız federasiya rəhbərliyi, habelə Gənclər və İdman Nazirliyi tərəfindən göstərilən etimadı doğruldaraq II mərhələdə mübarizə aparmaq üçün yeganə vəsiqəyə sahib olacaq.