Şəkidə Qafqaz motofestivalı keçirilib

Şəkidə Qafqaz motofestivalı keçirilib


Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü münasibətilə Şəkidə Qafqaz motofestivalı keçirilib.
Avqustun 29-da tədbirin proqramına uyğun olaraq şəhər stadionunda çövkən milli oyunu üzrə yarış keçirilib.
Xatırladaq ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri Maddi-Mədəni İrs Siyahısına daxil edilib.
Fasilə zamanı motosikletçilər təhlükəli nömrələr nümayiş etdiriblər.
Sonra "Aşağı Karvansaray” kompleksində festivalın rəsmi açılışı olub.
Tədbirdə çıxış edən, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrildiyini qeyd ediblər. Daha sonra tədbir bədii hissə ilə davam edib.
Avqustun 30-da Şəki Olimpiya İdman Kompleksinin qarşısındakı prospektdə motosikletçilərin iştirakı ilə Qafqaz motofestivalı keçirilib.
Əvvəlcə qrup halında marşrut üzrə yürüş edən motosikletçilər daha sonra qoşa yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər. Onların təhlükəli hərəkətləri, yüksək sürət tamaşaçılara həyəcan dolu anlar yaşadıb.
Proqrama uyğun olaraq sonra "Çingiz klub”da festival iştirakçıları üçün "Kolonda hərəkət qaydaları” mövzusunda motoseminar keçirilib.