Dünya çempionatında iştirak edəcək heyət açıqlandı
Sentyabrın 8-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçiriləcək. Çempionatda yığmamız güləşin hər üç növü (sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi) üzrə iştirak edəcək. Sentyabrın 3-də Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə çempionatda iştirak edəcək komandaların heyəti açıqlanıb.
Qeyd edək ki, sərbəst güləş üzrə komandamızın tərkibinə Əhmədnəbi Qvarzatilov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Aslan Dzebişov (125 kq) daxildirlər. Yığma komanda dünya çempionatda baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında iştirak edəcək. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında qadın güləşi üzrə yarışlarda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Nadya Sementsova (69 kq) təmsil edəcəklər.
Yunan-Roma güləşçiləri baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Eyyub Azmudənin rəhbərliyi altında çempionatda iştirak edəcəklər. Heyətdə Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar.
Yarışlarda ölkəmizi Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcəklər.
olimpnews.az