Komandaların heyətləri açıqlandıqdan sonra Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev çempionatla bağlı fikirlərini media nümayəndələri ilə bölüşdü: «Bu il sentyabr ayının 8-dən 14-dək Özbəkistanın Daşkənd şəhərində keçiriləcək güləş üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək yığmamızın tərkibindəki idmançıların 80 faizi ilk dəfədir dünya çempionatında qüvvəsini sınayır. Sevindirici haldır ki, Azərbaycanda artıq yeni güləşçilər nəsli yetişib. Bu idmançıların ilk dəfə dünya çempionatına qatılmasına baxmayaraq, onların bir çoxu artıq gənclər arasında dünya, Avropa çempionlarıdırlar. Həm yunan-Roma, həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımızın böyük potensialı var və hər 3 komanda özünü dünya çempionatında yaxşı tərəfdən göstərəcək».
N. Əliyev Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovdan da söz açdı: "Toğrul Əsgərov dizindən əməliyyat olunub və reabilitasiya müddəti keçir. Hesab edirəm ki, qısa zamanda o, öz yerini tutub, yığmanın tərkibində yarışlarda iştirak edəcək. Şərif Şərifov isə yeni çəki dərəcəsinə keçib. O, 97 kq çəki dərəcəsində Avropa və Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək”.
AGF-nin I vitse-prezidenti artıq 6-7 ildir ki, federasiyasının ağır çəkilərlə bağlı proqram üzərində çalışdığını dedi: "Ağır çəkidə güləşçilərin yetişdirilməsi ilə bağlı respublikada böyük seleksiya işləri aparmışıq və bu gün bu işlər öz bəhrəsini göstərir. Yeniyetmələrin Olimpiya oyunlarında ağır çəkidə qızıl medal qazanmağımız təsadüfü deyil. Gənclərin son dünya çempionatında da idmançılarımız ilk dəfə ağır çəkidə dünya çempionları oldular. Bunlar hamısı məqsədyönlü işlərin nəticəsidir”.
N. Əliyev Özbəkistanda keçiriləcək dünya çempionatının da bir mərhələ olduğunu qeyd etdi: "Bizim üçün ən əhəmiyyətli yarışlar gələn il keçiriləcək Avropa Oyunları, ondan dərhal sonra isə Lasveqasda lisenziya xarakterli dünya çempionatı və Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarıdır. Budəfəki dünya çempionatı idmançılarımız üçün qarşıdakı mötəbər yarışlara hazırlıq dövründə sınaq xarakteri daşıyacaq.
Vitse-prezident Rövşən Bayramovun dünya çempionatına gedəcək heyətdə olmaması məsələsinə də aydınlıq gətirdi: "Rövşən Bayramov Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri turnirində zəif çıxış etdiyinə görə dünya çempionatında məşqçilər korpusu onu başqa idmançı ilə əvəz etdi. Ancaq onun böyük potensialı var və yaxın vaxtlarda biz yenə onu böyük yarışlarda görəcəyik. Ümid edirəm ki, 2016-cı il Yay Olimpiya Oyunlarınadək Rövşən Bayramov öz formasını tam bərpa edəcək və Olimpiadada ölkəmizi təmsil edəcək”.
Aysel Sultanova