Polo üzrə Dünya kuboku yarışlarında dörd peşəkar komanda mübarizə aparacaq

Polo üzrə Dünya kuboku yarışlarında dörd peşəkar komanda mübarizə aparacaq


Sentyabrın 4-də "Kempinski Hotel Badamdar” mehmanxanasında Bakıda start götürəcək polo üzrə Dünya kuboku yarışlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə yarışın Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası polo üzrə Bakıda keçirilmiş 1-ci Dünya kubokundakı böyük uğurundan sonra sentyabrın 5-dən 7-dək Binə Atçılıq Mərkəzinin yeni inşa olunmuş Polo Arenasında 2-ci tarixi yarışı təşkil edəcək.
İkinci Dünya kubokunda Azərbaycan ilə yanaşı, Argentina, ABŞ və Avropa üzrə dörd peşəkar komanda iştirak edəcək.
Komandalar dünya şöhrətli "Chopard”, "Maserati”, "Baltika 7” və "Embawood” brendlərini, eləcə də digər sponsorlarını təmsil edəcəklər. Azərbaycanın polo komandası tarixində ilk dəfə Buenos-Ayres şəhərində yerləşən "Alegria Polo Farm”dan olan peşəkar məşqçilər tərəfindən təlim keçib və yarışa yüksək səviyyədə hazırlaşıblar. Bakıda keçiriləcək Dünya kuboku 2014 üçün Azərbaycan komandasını Raul Laplacette və onun məşqçilər heyəti, həmçinin Hamburq şəhərindən gəlmiş dünya şöhrətli polo müəllimi Tomas Vinter hazırlayıblar.
Konfransda qeyd olunub ki, yarışların Bakıda keçirilməsi artıq beynəlxalq miqyasda idman ölkəsi kimi tanınan Azərbaycanda polo idmanını inkişaf etdirmək üçün çox mühüm vasitədir.