«Neftçi» İdman Sağlamlıq Cəmiyyətinin nəticələri sevindiricidir

«Neftçi» İdman Sağlamlıq Cəmiyyətinin nəticələri sevindiricidir

Boks

«Neftçi» İdman və Sağlamlıq Cəmiyyətindən (İSM) olimpnews.az saytına verilən xəbərə görə, Belarusun Qomel şəhərində gənclər arasında təşkil olunan boks üzrə beynəlxalq turnirdə cəmiyyətin 3 idmançısı təmsil olunub. Sevindirici haldır ki, gənc boksçularımızın üçü də bütün görüşləri qələbə ilə başa vurublar. Boksçularımız Cavid Quliyev (64 kq), Sadiq Səmədov (91 kq) və Məhəmmədəli Tahirovdur (+91 kq) turnirin qızıl medallarını qazanıblar.
İran İslam Respublikasının Urmiya şəhərində keçirilən beynəlxalq boks turnirində «Neftçi» İSM-in idmançıları da iştirak ediblər. Xəyyam Məmmədov (56 kq) bütün rəqiblərini üstələyərək qızıl medala yiyələnib. Naib Nağıyev isə fəxri kürsünün 3-cü pilləsində yer alıb.

*   *   *   *
Hövsan Olimpiya Kompleksində 1995-1996-cı illər təvəllüdlü gənclər arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilib. «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin yarışda iştirak edən idmançılarından 5-i mükafatçılar sırasında yer alıb. 81 kq çəkidə çıxış edən Kənan Xəlilov və Teymur Vəliyev (+91 kq) 1-ci yeri tutublar. Elnur Abdullayev (91 kq) 2-ci, Cavid Dadaşov (49 kq) və Babək Əhmədov (64 kq) isə 3-cü pillədə yer alıblar.

Sumo
Hövsan Olimpiya Kompleksində sumo üzrə yeniyetmələr, gənclər, yaşlılar arasında keçirilən Azərbaycan çempionatı və birinciliyinə yekun vurulub.
«Neftçi» İSM-in təmsilçiləri bu yarışda hər üç yaş qrupunda güclərini sınayıblar. Cəmiyyətin təmsilçiləri ümumilikdə, respublika yarışının 18 medalına sahib çıxıblar. Yeniyetmələrdən Emin Kərimli (55 kq), Zaur Kərimov (70 kq), Baxış Əliyev (75 kq), gənclərdən Samir İsmayılov (70 kq), Namiq Sadıxov (85 kq), Əmiraslan Əhmədov (115 kq), kişilər arasında isə Samir İsmayılov (70 kq), Namiq Sadıxov (85 kq) və Sadiq Əhmədov (115 kq) Azərbaycan çempionu titulunu qazanıblar.

Pankration
Martın 2-də Hövsan Olimpiya Kompleksində startı verilən pankration üzrə respublika çempionatı sona çatıb. Yeniyetmələr, gənclər və böyüklərin qatıldığı yarışda mərkəzin pankrationçuları 6 qızıl və 1 gümüş medala yiyələniblər. İdmançılarımızdan Elnar İbrahimovla (55 kq) Bayram Səmədov (62 kq) gənclər arasında liderliyə yüksəliblər. Böyüklərin yarışında isə Etiram Dərişov (62 kq), Aqşin Babayev (66 kq), Vüqar Kərəmov (71 kq) və Heydər Məmmədəliyev (77 kq) ölkə çempionluğuna seviniblər.

Sambo
Hövsan Olimpiya Kompleksində 2001-2003-cü illər təvəllüdlü idmançılar arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilib. 


«Neftçi» İdman-Sağlamlıq Mərkəzinin yetirmələri birincilikdə uğurla çıxış edərək paytaxt yarışının 15 medalına sahib olublar. Kiçik samboçularımızdan Rəvan İsmayılov (24 kq), Orxan Qəhrəmanov (26 kq), Tofiq Dadaşov (45 kq), Ruslan Nəsirli (49 kq), Ramil Abbasov (57 kq) və Zaur Cəfərov (+57 kq) bütün rəqiblərindən üstün olaraq Bakı çempionu tituluna yüksəliblər.

Badminton
Bakı Slavyan Universitetinin idman zalında badminton üzrə Bakı şəhər çempionatına yekun vurulub. «Neftçi» İSM-in mübarizəyə qoşulmuş badmintonçularından Kənan Rzayev şəxçi və qoşa yarışlarında 1-ci, qarışıq-qoşada isə 3-cü yeri tutub. Kərim Musayev qoşa yarışlarında qızıl, şəxsi və qarışıq-qoşa yarışlarında isə gümüş medala yiyələnib. Pərvin Əlizadə qoşa və qarışıq-qoşa mübarizəsində 2-ci, şəxsi yarışda isə 3-cü olub. Digər idmançılarımız Cavanşir Əlizadə, Teymur Abbasov və Aliyə Hüseynova qoşa yarışlarında gümüş medallara layiq görülüblər.

ARDNŞ Sİİ
«Neftçi» İSM-in mətbuat xidmətinin rəhbəri,
əməkdar jurnalist Tofiq Ataxanoğlu