Azərbaycan alpinistləri Kazbekə qalacaqlar

Azərbaycan alpinistləri Kazbekə qalacaqlar


Azərbaycanın alpinistlər qrupu avqustun 3-də Gürcüstana yollanıblar. Bir qrup tanınmış alpinist Respublika Alpinist-Turist Klubunun üzvü Firuz Dadaşovun rəhbərliyi altında təlim-məşq toplanışı keçirərək Kazbekə də qalxmağı planlaşdırır.
8 nəfərdən ibarət qrupa, əsasən, alpinizmdə ilk qədəmlərini qoyan idmançılar daxil ediliblər. Dağçılar qarlı-buzlu hava şəraitində işləməyi, eləcə də axtarış-xilas əməliyyatlarını aparmağı öyrənəcəklər. "Bu məşqlər alpinistlər üçün olduqca vacibdir, çünki əldə olunan təcrübə gələcəkdə onlara mütləq lazım olacaq”, - deyə qrupun gənc rəhbəri bildirib.
Firuz Dadaşovun sözlərinə görə, məşqlər bitəndən sonra qrup Kazbekə (5033 m) qalxacaq. Amma bu yürüş hava şəraitindən asılı olacaq. "İlkin proqnozlara görə, hava şəraiti yaxşı olmalıdır. Lakin dağ havası aldadıcıdır və qısa zaman ərzində dəyişə bilər”, - deyə o əlavə edib.
Beləliklə, hava şəraiti imkan verərsə, onlar 3600 m hündürlüyə qalxıb, orada düşərgə quracaq, qar-buz və axtarış-xilas məşqlərində iştirak edəcək, sentyabrın 6-da isə zirvəyə doğru qalxacaqlar.
Alpinistlər sentyabrın 7-də vətənə dönəcəklər.
Qeyd edək ki, Firuz Dadaşov əfsanəvi alpinist Akif Rüstəmovun yetirməsi, Azərbaycan alpinistlərinin gənc nəslinin nümayəndəsidir. 2011-2013-cü illərdə AAF yığmasının tərkibində Mərkəzi Asiyanın 7000 metrdən hündür olan 4 ən yüksək zirvəsinə qalxıb. 2014-cü ildə Firuz Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı ilə birlikdə Himalayın 8-min metrlik zirvəsi olan Şişabanqmaya qalxmağa cəhd edib.