Nenad Laloviç Dünya Güləş Birliyinin prezidenti seçildi

Nenad Laloviç Dünya Güləş Birliyinin prezidenti seçildi


8-14 sentyabr 2014-cü il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən xəbərə görə, çempionatdan əvvəl Beynəlxalq Güləş Federasiyası - FİLA-nın növbəti Konqresi öz işinə başlayıb. Konqresin gündəliyində arxada qalan müddət ərzində görülən işlərin hesabatı, FİLA Prezidenti seçkiləri, İcraiyyə Komitəsinə yeni üzvlərin seçilməsi, FİLA-nın adının dəyişdirilməsi və digər məsələlər daxildir.

Azərbaycanı Konqresdə FİLA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev təmsil edib. Tədbirdə quruma prezident seçkiləri keçirilib. Hazırda FİLA-ya başçılıq edən Nenad Laloviç yeganə namizəd kimi yekdilliklə yenidən quruma rəhbər seçilib. O, bu vəzifəni qarşıdakı 6 il ərzində icra edəcək.

Konqresdə eyni zamanda, uzun müddətdir müzakirəsi aparılan ad dəyişikliyi də baş tutub. Belə ki, Beynəlxalq Güləş Federasiyası - FİLA bundan sonra United World Wrestling - Dünya Güləş Birliyi adlanacaq.

Günün ikinci yarısında 2015-ci ildə bir sıra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edəcək ölkə nümayəndələrinin təqdimatları keçirilib. Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi Bakıda keçiriləcək I Avropa Oyunları barədə geniş məlumat verərək Azərbaycanın bu yarışa səylə hazırlaşdığını bildirib. Ardınca isə, I Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Təqdimat Konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

olimpnews.az