Ölkə çempionatında fasilə başa çatır

Ölkə çempionatında fasilə başa çatır

Otüstü hokkey üzrə Azərbaycan çempionatları və birinciliklərində fasilə başa çatır. Kişilərdən ibarət komandalar sentyabrın 11-dən etibarən ikinci dövrənin startına çıxacaqlar. Çempionatın ilk yarısında 4 iştirakçı dairəvi sistemlə bir-biri ilə 2 dəfə qarşılaşıb. Keçirilən 6 oyundan 5-də qələbə qazanan və biri görüşə heç-heçə ilə razılaşan "Atasport” (Bakı) yarış cədvəlinin lideridir. Son illərin çempionu "Akkord” rəqibindən cəmi 5 xal geri qalır. Sumqayıtın "Atasport” komandası eyni xalla üçüncü pillədə qərarlaşıb. 6 oyundan cəmi 1 xal toplayan "Şahdağ”(Qusar) cədvəldə sonuncu yerdədir.
Qadın otüstü hokkeyçilərinin ölkə çempionatında da 4 komanda sentyabrın 21-dən II dövrədə yarışacaq. Çempionatın ilk yarısını birinci yerdə başa vuran "Atasport-2” (Bakı) klubu 13 xal toplayıb. Qusarın "Şahdağ” komandası liderdən cəmi 1 xal geri qalır. Aktivində 10 xalı olan "Bakı” üçüncü yerdədir. Cədvəlin sonuncu pilləsində qərarlaşan "Sumqayıt” komandası keçirdiyi 6 oyunun hamısında məğlub olaraq 1 xal belə qazana bilməyib.
Sentyabrın 21-də 17 yaşınadək oğlan hokkeyçilərdən ibarət 4 komanda da ölkə birinciliyinin mükafatları uğrunda mübarizəyə qoşulacaq. Yarımqruplarda ilk 2 yeri tutan iştirakçılar II dövrədə dairəvi sistemlə bir-biri ilə 2 dəfə görüşəcəklər. Yekunda mükafatçılar müəyyənləşəcək. Medallar uğrunda "Atasport” (Sumqayıt), "Atasport-Binə”, "Olimp” (Masallı) və Lənkəranın "Xəzər” komandaları mübarizə aparacaqlar.
15 yaşınadək oğlanlar həlledici mərhələnin ilk oyunlarını sentyabrın 27-də keçirəcəklər. Eyni qaydada təşkil ediləcək yarışda "Akkord” (Sumqayıt), "Atasport-Binə”, "Şahdağ” (Qusar) və Şəmkirin eyni adlı komandaları mükafatçıları müəyyənləşdirəcəklər.
İlkin mərhələdə yarımqruplarda III-IV yerləri tutan komandalar mübarizədən kənarda qalaraq, artıq indidən növbəti mövsümə hazırlığa başlayacaqlar.