Avropa Xüsusi Yay Oyunlarında komandamız yüksək nəticə qazanmaq əzmindədir

Avropa Xüsusi Yay Oyunlarında komandamız yüksək nəticə qazanmaq əzmindədir

Sentyabrın 9-da Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa Xüsusi Yay Oyunlarında gənc idmançılarımız yüksək nəticələr qazanmaq əzmindədirlər. Bunu oyunlarla bağlı "Trend”in akt zalında keçirilən mətbuat konfransında Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev deyib. Konfransda bu mötəbər yarışlarda iştirak edəcək atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük növləri üzrə yığma komandalarımızın hazırlığından danışılıb, cüdoçularımızın Avropa oyunlarında ilk dəfə çıxış edəcəkləri vurğulanıb. Mətbuat konfransında xüsusi olimpiyaçılarımız Mehman Şeydayev, Bahar Əlipənahova, Həbib Tağıyev, Aytən Allahverdiyeva qarşıdakı yarışlara məsuliyyətlə hazırlaşdıqlarını, oyunlarda medal qazanacaqlarını bildiriblər. Qeyd edək ki, oyunlarda 42 nəfərdən ibarət nümayəndə heyətimiz iştirak edəcək. İdmançılarımızı yarışlara atletika üzrə Kamal Əhmədov, badminton üzrə Lyudmila Qasiyeva, stolüstü tennis üzrə Qulu Quliyev, üzgüçülük üzrə Vüsal Məmmədov, cüdo üzrə Ruslan Orucov hazırlayıblar. Belçika mühitinə uyğunlaşmaq məqsədilə nümayəndə heyətimiz sentyabrın 9-dan 12-dək Lomel şəhərinin qonağı olacaq. Sentyabrın 12-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə Lomel şəhərində "Azərbaycan günləri” olacaq. Sentyabrın 13-də Belçikanın Brüssel şəhərində Avropa Xüsusi Yay Oyunlarının rəsmi açılış mərasimi olacaq. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək. Sentyabrın 14-də startı veriləcək oyunlarda Avropanın 58 ölkəsindən 2000 atlet gücünü sınayacaq.