Belçikada Avropa Xüsusi Yay Olimpiya Oyunlarında azərbaycanlı atletlərin iştirakına həsr olunmuş tədbir keçirilib

Belçikada Avropa Xüsusi Yay Olimpiya Oyunlarında azərbaycanlı atletlərin iştirakına həsr olunmuş tədbir keçirilib


Azərbaycanın Belçikadakı səfirliyinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Lommel şəhərində Avropa Xüsusi Yay Olimpiya Oyunlarında azərbaycanlı atletlərin iştirakına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan idmançılarının Avropa Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına həsr edilmiş, idmançılarımızın da təmsil olunduqları 6 idman növünü əks etdirən abidənin açılışı olub.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Lommel şəhərinin meri Peter Vanvelthoven, Belçika və Lüksemburqdakı səfir Fuad İsgəndərov çıxış edərək Azərbaycan idmançılarının şərəfinə abidə ucaldılmasının əhəmiyyətini vurğulayıblar. Onlar idmanın iki ölkə arasında əlaqələrin inkişafına verə biləcəyi töhfəni qeyd ediblər.
Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanda idmanın inkişafına həsr edilmiş fotostendlə tanışlıq olub.
Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclərdən ibarət kamera orkestri çıxış edərək Azərbaycan və dünya klassikasından nümunələr ifa ediblər.
Ertəsi gün isə orkestr Brüssel şəhərindəki Musiqi Alətləri Muzeyində geniş konsert proqramı ilə çıxış edib. Konsert 2015-ci ildə Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarına həsr olunub.