Güləşçilərimiz dünya çempionatını 7 medalla başa vurdular

Güləşçilərimiz dünya çempionatını 7 medalla başa vurdular


Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən böyüklər arasında güləş üzrə dünya çempionatına yekun vurulub. Yarışların beşinci günündə 63 kq çəki dərəcəsində qadın güləşçilər, 75 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri qüvvələrini sınayıblar. Pəhləvanlarımız günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.
75 kq çəki dərəcəsində güləşən "Neftçi idman klubu” İB-nin yetirməsi Elvin Mürsəliyev ilk görüşdə məğlub olsa da, rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə çıxıb. Ardıcıl olaraq Avstriya güləşçisi Florian Marçili və Meksikadan Juan Eskobarı üstələyən idmançımız bürünc medal şansı əldə edib. Həlledici görüşdə Elvin Gürcüstan idmançısı Zurabi Datunaşvili ilə qarşılaşıb. Gərgin keçən görüşdə qalib gələn güləşçimiz dünya çempionatının bürünc medalına layiq görülüb.
85 kq çəki dərəcəsində komandamızı təmsil edən ötənilki dünya çempionatının ikincisi Saman Təhmasibi bu yarışda da gümüş medalla kifayətlənib. Finala qədər inamla irəliləyən pəhləvanımız ardıcıl Almaniya, Çin və Gürcüstan idmançılarına qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Ukrayna güləşçisi Jan Belenyuku mübarizədən kənarlaşdıran Saman Təhmasibi finala vəsiqə qazanıb. Təəssüf ki, güləşçimiz həlledici görüşdə Fransa idmançısı Melonin Noumonviyə məğlub olaraq 2-ci olub.
Qızların mübarizəsində ölkəmizi təmsil edən Raqnetta Qurbanzadə (63 kq) isə ümidləri doğrultmayıb. Mübarizəyə 1/8 finaldan başlayan xanım güləşçimiz ilk görüşdəcə İsveçrə idmançısına məğlub olaraq çempionatla vaxtından əvvəl vidalaşıb.

Çempionatın altıncı günü 66 kq, 80 kq və 130 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri yarışıblar.
66 kq çəki dərəcəsində dünya və Avropa çempionu Həsən Əliyev yarımfinala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. O, ardıcıl Finlandiya, Hindistan, Yaponiya və Gürcüstan güləşçilərinə qalib gələrək yarımfinala çıxıb. Təəssüf ki, idmançımız yarımfinalda serbiyalı Davor Stefaneklə bacarmayıb. Bürünc medal uğrunda görüşə çıxan Həsən Əliyev Latviya idmançısı Edqaras Venkaitisə də uduzaraq dünya çempionatını 5-ci yerdə tamamlayıb.
Digər idmançılarımız Emin Əhmədov (80 kq) və Sabah Şəriəti (130 kq) məğlub olaraq yarışları medalsız başa vurublar.
Çempionatın son günündə çəkisi 59 kq, 71 kq və 98 kq olan yunan-Roma güləşçiləri qüvvələrini sınayıblar. Komandamız yarışların son günündə 1 bürünc medal qazanıb.

71 kq çəki dərəcəsində komandamızı təmsil edən "Neftçi idman klubu” İB-in yetirməsi Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazanıb. Ardınca ABŞ təmsilçisi Castin Lesterlə gərgin keçən görüşü qalib başa vuran pəhləvanımız növbəti mərhələdə Türkiyə idmançısı ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi Yunus Özellə görüşdən məğlub ayrılan Rəsul rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Rəsul Çunayev erməni Varşam Boranyanla qarşılaşıb. 23 saniyə davam edən görüşdə güləşçimiz tam üstünlüklə qalib gəlib və dünya çempionatının bürünc medalına sahib olub.
Digər pəhləvanlarımız Taleh Məmmədov (59 kq) və Şalva Qadabadze (98 kq) isə məğlub olaraq mükafatçılar sırasına düşə bilməyiblər.
Ümumilikdə, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız komanda hesabında dördüncü olub.
Beləliklə, pəhləvanlarımız dünya çempionatını 7 (1 qızıl, 3 gümüş, 3 bürünc) medalla başa vurublar.

Dünya çempionatında medal qazanan güləşçilərimiz yarışla bağlı fikirlərini bizimlə bölüşdülər:

Hacı Əliyev,
61 kq, sərbəst güləş,
dünya çempionu:
"Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm”

"Dünya çempionu olduğum üçün çox sevinirəm. Bu çempionluğu bütün xalqımıza, bütün güləş həvəskarlarına həsr edirəm. Çempion olmağımda təbii ki, keçdiyimiz təlim-məşq toplanışlarının xüsusi rolu oldu. Çünki yüksək səviyyədə hazırlıq prosesi keçmişdik.
Finala qədər 4 görüş keçirdim. Ukrayna və Kuba idmançıları ilə görüşüm çox gərgin oldu. Birinci hissədə çox yoruldum. Fasilədə məşqçilərin tövsiyələrini diqqətlə dinlədim və bu, məni bir daha qələbəyə ruhlandırdı.
İran idmançısı üzərində qələbəni səbirsizliklə gözləyirdim. Buna qədər iranlı güləşçi ilə iki dəfə qarşılaşmışdıq. Bir dəfə o, bir dəfə isə mən qələbə qazanmışdım. Final görüşünün sonunda əlimi yuxarı qaldıraraq İran güləşçisinə ondan daha üstün olduğumu bildirdim. Bu yarışda sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm.
Bu il, Finlandiyada keçirilən Avropa çempionatında qazandığım qızıl medalın təsadüfi olmadığını sübut etdim. Qarşıda bizi Bakıda keçiriləcək I Avropa Oyunları gözləyir. Bu yarışda da mütləq qalib gəlmək, ondan sonra isə Olimpiya oyunları haqqında düşünmək lazımdır”.


Rəsul Cunayev,
71 kq, yunan-Roma güləşi,
dünya çempionatının
bürünc mükafatçısı:
"Bir əsgər kimi erməni rəqibimi məğlub etməli idim”

"Bu, bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən Dünya kuboku yarışlarında qarşılaşmışdıq və mən rəqibimə 9:0 hesabı ilə qalib gəlmişdim. Onda əsgər xidmətdə deyildim. İndi bir əsgər kimi, erməni rəqibimi məğlub etməliydim. Bura çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də dünya çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, sonra türk idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Avropa çempionatında finalda, burda isə yarımfinalda uduzdum. Daha çox çalışmalıyam ki, gələn il dünya çempionu olum”.


Elvin Mürsəliyev,
75 kq, yunan-Roma güləşi,
dünya çempionatının
bürünc mükafatçısı:
"Medal qazana bildiyim üçün şadam”

"Bu, mənim iştirak etdiyim ilk dünya çempionatı idi və medal qazana bildiyim üçün şadam. Finalda da güləşə bilərdim, ancaq müəyyən səhvlərə yol verdim və finala çıxa bilmədim. Həlledici görüşdə mən də, rəqibim də bütün gücümüzü topladıq, ona görə də çox gərgin görüş keçdi. Bu il Avropa çempionatında da bürünc medal qazanmışdım, dünya çempionatında da bürünc medal qazandım. Şadam ki, mənə verilən şansı dəyərləndirə bildim və federasiya rəhbərliyinin. Məşqçilərin etimadını doğrultdum”.



Yuliya Ratkeviç,
55 kq, qadın güləşi,
dünya çempionatının
gümüş mükafatçısı:
"Əsas məqsədim Yuseini məğlub etmək idi

"Çempionata o qədər də yaxşı hazırlaşa bilməmişdim, zədələrim vardı. Elə bilirdim, zəif çıxış edəcəyəm. Hətta final görüşündə burnumdan ciddi zədə aldım. Əsas məqsədim Yuseini məğlub etmək idi. Çünki son iki yarışda ona uduzmuşam. Əvəzini çıxdım”.



Mariya Stadnik,
48 kq, qadın güləşi,
dünya çempionatının
bürünc mükafatçısı:
"Onu özümə rəqib hesab etmirəm”

"Yarımfinala qədər uğurla irəlilədim. Bir neçə qələbə qazandım. Yarımfinal görüşündə bir az yorğunluq, bir az arxayınlıq vardı. Onu özümə rəqib hesab etmirəm. Bu yaxınlarda turnirdə qarşılaşmışdıq, ona tam üstünlüklə qalib gəlmişdim. Fikir vermişəm ki, ildə bir dəfə uduzuram. Çalışacam ki, bundan sonra arxayınlaşmayım”.