“Dünya çempionatı bir sıra sürpriz nəticələrlə yadda qaldı”

“Dünya çempionatı bir sıra sürpriz nəticələrlə yadda qaldı”

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən güləş üzrə dünya çempionatı başa çatdı. Yarışda pəhləvanlarımız uğurla çıxış edərək 7 medal əldə etdilər. Təmsilçilərimiz sərbəst güləş üzrə 1 qızıl, 1 gümüş, yunan-Roma güləşi üzrə 1 gümüş, 2 bürünc, qadın güləşi üzrə 1 gümüş, 1 bürünc medala yiyələndilər. Ümumilikdə komandamız 7 medalla 104 ölkə arasında 4-cü yeri tutdu.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov dünya çempionatında güləşçilərimizin çıxışı ilə bağlı fikirlərini bizimlə bölüşdü:

- Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən güləş üzrə dünya çempionatında iştirak edən yığma komandamızın üzvləri uğurlu nəticələr qazandılar. Güləşçilərimiz ümumilikdə sərbəst və Yunan-Roma güləşi, qadın güləşi üzrə 7 medala sahib çıxdılar. Bu, yüksək nailiyyətdir. Sevindirici haldır ki, Azərbaycan komandası 104 ölkə arasında 4-cü pillədə qərarlaşdı. Qürur hissi ilə deyə bilərəm ki, bu gün digər ölkələrin təmsilçiləri Azərbaycan güləşçilərini güclü rəqib kimi qəbul edir, pəhləvanlarımızdan çəkinirlər. Hər bir yarışda Azərbaycan güləşçiləri döşək üzərinə medal qazanmaq iddiası ilə çıxırlar. Düzdür, biz pəhləvanlarımızdan daha çox qızıl medal gözləyirdik. Amma bəzi idmançılarımız səhhətində yaranan problemlərə görə imkanlarından aşağı səviyyədə çıxış etdilər. Məsələn, Mariya Stadnikdən qızıl medal gözləyirdik. Amma o, zədəli olduğuna görə bütün gücündən lazımi səviyyədə istifadə edə bilmədi. Rəsul Çunayev isə hərbi xidmətdə olduğuna görə cəmi 10 gün ərzində təlim-məşq toplanışlarında iştirak etdi. Bununla belə, o, qısa vaxt ərzində formasını bərpa edərək dünya çempionatının bürünc medalını qazandı.
Qeyd edim ki, dünya çempionatında güclü rəqabət var idi. Bunun nəticəsidir ki, dünya çempionatı bir sıra sürpriz nəticələrlə yadda qaldı. Hətta bəzi güclü güləş ölkələrinin təmsilçiləri gözlədikləri nəticəni əldə edə bilmədilər. Dünya çempionatı 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək növbəti yay Olimpiya oyunlarına bir növ hazırlıqdır. Qarşıda bizi gələn il ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları gözləyir. Bu Oyunlardan sonra əsas diqqəti yay Olimpiya oyunlarına yönəldəcəyik. İnanıram ki, güləşçilərimiz olimpiadada öz sözlərini deyəcəklər. Dekabr ayında güləş üzrə ölkə çempionatı keçiriləcək. Respublika çempionatında yığma komandanın yeni heyəti müəyyənləşəcək. Bundan sonra isə biz beynəlxalq səviyyəli mötəbər yarışlara seçimimizi edəcəyik. Əlbəttə ki, güləşçilərimizin Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən dünya çempionatında əldə etdikləri uğurlar Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana, eləcə də güləşə göstərdiyi diqqət və qayğının nəticəsidir. Güləşə göstərilən dövlət qayğısı sayəsində pəhləvanlarımızın dünya arenalarındakı uğurları get-gedə artır. Eyni zamanda, Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi də daim güləşçilərimizi diqqətdə saxlayır.
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və AGF-nin I vitse-prezidenti Namiq Əliyev tərəfindən pəhləvanlarımız üçün hər cür şərait yaradılıb. Onların beynəlxalq səviyyəli yarışlarda, təlim-məşqlərdə iştirakı ən yüksək səviyyədə təmin olunur.