“Güləşçimiz əsl qəhrəmanlıq nümayiş etdirdi”

“Güləşçimiz əsl qəhrəmanlıq nümayiş etdirdi”


Özbəkistanda güləş üzrə keçirilən dünya çempionatı pəhləvanlarımızın uğurlu çıxışları ilə yadda qaldı. İdmançılarımızla birgə yarışa yollanan sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov yarış təəssuratlarını bizimlə bölüşdü.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən dünya çempionatında komandamız uğurlu çıxışı ilə yadda qaldı. Çempionatda rəqabət güclü idi. Bir neçə çəkidə idmançılarımız zədə problemi ilə üzləşməsə idilər, medallarımızın sayı daha da çox ola bilərdi. Sərbəst güləş üzrə yarışlarda Cəbrayıl Həsənov (74 kq) və Cəmaləddin Maqomedov (125 kq) zədə üzündən yarışa qatıla bilmədilər. Çempionata 3 gün qalmış Cəbrayılın çiynindən ciddi zədə alması bizi çox məyus etdi. İdmançımız medala ən iddialı idmançılarımızdan idi və dünya çempionatının finalınadək əminliklə irəliləyə bilərdi. Bildiyiniz kimi, Azərbaycan komandası 104 ölkə arasında 4-cü pillədə qərarlaşdı. Daha bir medalımız olsa idi, ilk üçlükdə də yer ala bilərdik. Komandamız üçüncü pillədə qərarlaşan Türkiyə millisindən 5-6 xal fərqi ilə geri qaldı. Xatırladım ki, keçən il komandamız ilk onluğa daxil ola bilməmişdi.
Budəfəki dünya çempionatında Hacı Əliyev yüksək səviyyəli güləş nümayiş etdirərək qızıl medal qazandı. O, keçən il məğlub olduğu iranlı rəqibinə bu il qalib gələrək güclü olduğunu bir daha sübuta yetirdi. İdmançımız bütün görüşlərini böyük əzmkarlıq və özünəinam hissi ilə başa vurdu. Hacının yarımfinalda qarşılaşdığı Kuba güləşçisi güclü rəqiblərdən idi. Finalda üz-üzə gəldiyi İran təmsilçisi isə Asiya çempionu, dünya çempionatının mükafatçısı idi. İlk üç görüşdə güləşçimiz rəqibini tam üstünlüklə məğlub etdi. Final görüşündə də o, bunu edə bilərdi. Amma həlledici qarşılaşma olduğundan güləşçimiz ehtiyatı əldən vermədi. Görüş gərgin mübarizə şəraitində keçdi. Buna baxmayaraq, idmançımız yekunda 12:6 hesabı ilə rəqibi üzərində inamlı qələbə qazandı.
Güləşçimiz çempionatda əsl qəhrəmanlıq nümayiş etdirdi. Əldə olunan qələbə sayəsində himnimiz səsləndi, Azərbaycanın bayrağı yüksəklərdə dalğalandı. Qeyd edim ki, Hacı zəhmətsevər və nizam-intizamlı idmançıdır. O, heç vaxt məşqlərində arxayınçılığa yol verməyib.

Dünya çempionatının gümüş medalını qazanan Xetaq Qazyumov finalda yalnız hücum taktikasına üstünlük verdi. Bu görüşdə qələbə hakimin qərarı ilə müəyyənləşdi. Mən deyərdim ki, burada bəxt amili də rol oynadı. Xetaq əvvəlcədən taktiki gedişləri fərqli şəkildə qursa idi, üstünlük onun tərəfində olacaqdı.
57 kq çəki dərəcəsində çıxış edən Əhmədnəbi Qvarzatilov çəkisalma prosesini yaxşı keçsə də, imkanlarından aşağı səviyyədə çıxış etdi. 65 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Müslümov da medalın bir addımlığında məğlub oldu. Cəbrayıl Həsənovun çıxış etdiyi çəkidə qüvvəsini sınayan Əşrəf Əliyev dörddə bir finalda öz taktiki səhvi üzündən medal şansını əldən verdi.
86 kq çəki dərəcəsində çıxış edən Həmzət Osmanov beşinci pillədə qərarlaşdı. Həmzət ayağından zədə aldığına görə məşqlərə bir müddət fasilə vermək məcburiyyətində qalmışdı. Son məşqlərdə o zədə üzündən istədiyi kimi məşqedə bilmirdi.
70 kq-da çıxış edən Ruslan Dibirhacıyev medal ümidlərimizdən idi. Təəssüf ki, o, ümidləri doğrultmadı.
Gələn il bizi ölkəmizdə təşkil olunacaq birinci Avropa Oyunları və 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək yay Olimpiya oyunları gözləyir. Hacı Əliyev, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, Şərif Şərifov Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edə biləcək idmançılarımızdandırlar. Qeyd edim ki, Olimpiya oyunlarına lisenziya verən ilk turnir gələn ilin sentyabrında ABŞ-da keçiriləcək dünya çempionatı olacaq. Məşqçilər heyəti ilə birgə hər çəkidə 2-3 namizəd idmançı hazırlamağı nəzərdə tuturuq. Bu ilin dekabr ayında güləş üzrə ölkə çempionatı keçiriləcək. Bu yarışda yığmanın heyəti yenidən müəyyənləşəcək. Avropa Oyunları və dünya çempionatına çox az vaxt qalıb. Bu yarışlara qədər idmançılarımız təlim-məşqlərdə, müxtəlif beynəlxalq turnirlərdə və ABŞ-da keçiriləcək Dünya kubokunda qüvvələrini sınayacaqlar. Hazırda zədəli idmançılarımız bərpa prosesini keçərək ciddi məşqlərə cəlb olunacaqlar. Ölkə çempionatından sonra Azərbaycan Güləş Federasiyası tərəfindən təlim-məşq prosesinin, eləcə də güləşçilərimizin iştirak edəcəkləri yarışların proqramı tam müəyyənləşəcək.
Dünya çempionatında rəqabətə gəlincə, budəfəki yarışda nəticə gözlənilənlərdən tam fərqli oldu. Yarışda 4 ölkə - Rusiya, Türkiyə, Koreya, Azərbaycan güləşçiləri qızıl qazandılar. ABŞ, İran kimi güclü güləş ölkələri qızıl medal qazana bilmədi. Xatırladım ki, keçən il İran komandası 4 qızıl medal qazanmış, ABŞ yığması ilk üçlükdə yer almışdı. Dünya çempionatının abu-havası tamamilə fərqlidir. Burada idmançının təkcə fiziki deyil, psixoloji hazırlığı da böyük rol oynayır. Qeyd edim ki, Avropa çempionatında 4 çəkidə çempion olmuş güləşçilər dünya çempionatında da birinci oldular. Bu psixoloji amil idmançımız Hacı Əliyevə də təsir etdi. Yarışqabağı idmançımıza tövsiyə verərkən məhz Avropa çempionu adını qazanmış idmançıların dünya çempionu olduqlarını da xatırlatdıq. Digər idmançılar bu titula yiyələniblərsə, bu il Avropa çempionu olmuş idmançımız Hacı Əliyev də güclü olduğunu sübuta yetirməyə qadir idi. Hacı, həqiqətən də, özünəinamı ilə bunu sübuta yetirdi.
İdmançının medal qazanmasında onun məşqçilərin tövsiyələrinə qulaq asması da vacib amildir. Məsələn, çəki salmadan sonra bərpa prosesinə düzgün əməl olunmalıdır. Nizam-intizamlı idmançının nəticəsi də uğurlu olacaq. Bu cür məqamları nəzərə alaraq ölkə çempionatından sonra da güləşçiləri müxtəlif yarışlarda bir daha yoxlamadan keçirəcəyik. Əsas diqqət idmançıların psixoloji durumuna, məsul yarışqabağı hazırlığına yetiriləcək.
Bu gün əldə olunan uğurlar Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində mümkün olub. Azərbaycan Güləş Federasiyası tərəfindən güləşçilərimiz yüksək səviyyəli diqqət və qayğı ilə təmin olunub. Güləşçilərimizin ölkədaxili və xarici təlim-məşq toplanışlarında iştirakı təmin olunur, onların qidalanması, vitamin ilə təmin olunması yüksək səviyyədə həyata keçirilir. Bu cür diqqət və qayğı qarşısında idmançılarımızın borcu uğurlu nəticələr qazanmaqdır.
Qarşıda bizi oktyabr ayında keçiriləcək beynəlxalq turnir gözləyir. Noyabrda isə Avropa Millətlərarası kuboku yarışı olacaq. Böyüklərdən ibarət heyətə həmçinin gənclər arasında mötəbər yarışlarda fərqlənən perspektivli idmançılar cəlb etmişik. Onları da qarşıdakı beynəlxalq turnirlərdə yoxlamadan keçirəcəyik. Gənclər arasında istedadlı idmançılarımızın olması onu göstərir ki, güləşdə ehtiyat qüvvə kifayət qədərdir. Böyüklərdən ibarət yığma üzvləri ilə gənclərin birgə təlim-məşqlərdə iştirakı onların püxtələşməsinə şərait yaradır. Olimpiya çempionumuz Toğrul Əsgərov, Avropa və dünya çempionumuz Hacı Əliyev ən güclü idmançılarla məşq edərək yetişiblər. Son dövrlərdə ağır çəkilərdə də inkişaf var. Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında İqbal Hacızadənin ağır çəkidə çempion adını qazanması bunu bir daha təsdiqləyir.