Liderlərin oyununda 10 qol vurulub

Liderlərin oyununda 10 qol vurulub


Bu günlərdə XIII ölkə çempionatının yüksək dəstəsində mübarizə aparan kişi otüstü hokkeyçiləri növbəti turun oyunlarında iştirak ediblər. Əvvəlcə meydana Sumqayıtın "Atasport” və Qusarın "Şahdağ” klubları çıxıblar. Oyunun əvvəlində tərəflər qarşılıqlı hücumlara keçsələr də, hesabı Sumqayıt hokkeyçiləri açıb. Əhməd Quliyev 22-ci dəqiqədə "Atasport”u hesabda irəli çıxarıb. Bundan sonra Qusar hokkeyçiləri oyuna nəzarəti öz üzərlərinə götürüblər. Belə ki, Yalçın Qayıbov və Məhəmmədəli Məhəmmədəliyevin vurduqları qollar komandanın fasiləyə 2:1 hesablı üstünlüklə dönməsinə zəmin yaradıb. İkinci hissədə qol sevincini "Şahdağ” komandasının üzvləri yaşayıblar. 50-ci dəqiqədə Elman Eldarov və görüşün başa çatmasına 6 dəqiqə qalmış Rövşən Şıxəliyev hərəyə 1 top vuraraq komandanın 4:1 hesablı qələbə əldə etməsinə nail olublar. Sumqayıt hokkeyçilərindən Əli Nadirov bu oyunda onbirmetrlik cərimə zərbəsindən istifadə edə bilməyib.
Günün ikinci oyun, bu yarışın lideri Bakının "Atasport” və son illərin çempionu "Akkord” komandaları arasında olub. İlk qol özünü çox da gözlətməyib. 8-ci dəqiqədə Əli Şahbaz "Atasport” klubunu hesabda irəli çıxarıb. 22-ci dəqiqədə o, 2-ci topu da qapıdan keçirib. Birinci hissənin son dəqiqəsində "Akkord”un oyunçusu Ramin Mailov hesab arasındakı fərqi minimuma endirib və komandalar fasiləyə 2:1 hesabı ilə çıxıblar.
İkinci hissənin 7-ci dəqiqəsində Saleh Balamiyev hesabı bərabərləşdirib. 48-ci dəqiqədə Əli Vəliyev "Akkord”u hesabda irəli çıxarıb. Bundan 3 dəqiqə sonra "Atasport”klubunun oyunçusu Tofiq Muhammad yenidən matçda tarazlıq yaradıb -3:3. 62-ci dəqiqədə isə "Akkord”un qapısına təyin edilən onbirmetrlik cərimə zərbəsindən istifadə edən Ruslan Satlikov hesabı 4:3-ə çatdırıb. 65-ci dəqiqədə isə "Akkord”un kapitanı Saleh Balamiyev yenidən hesabı bərabərləşdirib. Bu qoldan 2 dəqiqə keçmiş Butt Vaqas "Atasport”u yenidən hesabda irəli çıxarıb. Matçın başa çatmasına 1 dəqiqə qalmış Saleh Balamiyevin vurduğu qol gərgin oyunda hesabı bərabərləşdirib -5: 5.
Beləliklə, 8 oyundan 20 xal toplayan "Atasport”(Bakı) yenə də yarış cədvəlinə başçılıq edir. "Akkord” rəqibindən 5 xal geri qalaraq II yeri tutur. "Atasport” bu turda məğlub olsa da, 5 xalla yenə də III pillədə yer alıb. Cədvəlin sonunda qərarlaşan Qusarın "Şahdağ” komandası xal ehtiyatını 4-ə çatdırıb.
Yüksək dəstə komandaları arasında növbəti turun oyunları barədə qəzetimizin növbəti sayında məlumat veriləcək.