FİLA prezidentinin vəzifəsini icra edən Nenad Laloviç bugünlərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqla görüşüb. Görüşdə məqsəd BOK rəhbərini güləş idman növünün 2020-ci ildə keçiriləcək yay Olimpiya oyunlarının proqramına salınmasına inandırmaq olub. Qeyd edək ki, BOK buyaxınlarda güləşin Olimpiya proqramından çıxarılması barədə qərar çıxarıb.
BOK və FİLA rəhbərləri arasında görüş 40 dəqiqə çəkib. Nəticədə, Olimpiada-2020-nin proqramında dəyişikliklər edilməsi ilə bağlı həlledici qərarın bu ilin sentyabr ayında verilməsi nəzərdə tutulub. Görüşdən sonra KİV nümayəndələrinə müsahibə verən Laloviç deyib: "Cənab Roqq dedi ki, hər bir kəs olimpiadada öz yerini qorumaq üçün xidmət göstərməli, mücadilə aparmalıdır. Mən bunun üçün səylə işləmək və çalışmaqdan savayı başqa yol görmürəm”.