Azad Rəhimov idman nazirlərinin konfransında iştirak edəcək

Azad Rəhimov idman nazirlərinin konfransında iştirak edəcək


Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 17-də İsveçrənin Makolin şəhərində işə başlayan Avropa Şurasına üzv dövlətlərin idman nazirlərinin 13-cü konfransında iştirak etmək üçün bu ölkəyə səfər edib.
Konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə oktyabrın 31-dək davam edəcək sədrliyi müddətində keçirildiyindən A.Rəhimov tədbirin açılış sessiyasında qurumun sədri qismində çıxış edəcək.
A.Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları da daxil olmaqla, ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi zamanı tamaşaçı zorakılığının qarşısının alınması ilə bağlı görülən işlərdən danışacaq. O həm də idmanda korrupsiya hallarına son qoyulması məsələsinə toxunacaq.
Konfransda "İdmanın idarə olunmasında korrupsiya”, "Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, "2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, "Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələrin qəbulu gözlənilir.
Tədbirdə, həmçinin "İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzaya açıq elan ediləcək.
Konfrans çərçivəsində A.Rəhimovun Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşü də nəzərdə tutulur.
Görüşdə Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə qurumla birgə həyata keçirdiyi "Gənclər siyasəti üzrə I Qlobal Forum”, "Nifrət nitqinə yox hərəkatı” və s. layihələr ətrafında müzakirələr aparılacaq. Görüş əsnasında "Bakı 2015” Avropa Oyunlarının təqdimatı da keçiriləcək.