İdman dırmanması üzrə respublika çempionatı keçiriləcək

İdman dırmanması üzrə respublika çempionatı keçiriləcək


Sentyabrın 20-21-də idman dırmanması üzrə növbəti açıq respublika çempionatı keçiriləcək.
Beynəlxalq federasiyaların tələb və şərtlərinə, eyni zamanda, çempionatın əsasnaməsinə uyğun olaraq təşkil olunacaq yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən və müxtəlif bölgələrindən olan klubların idmançıları iştirak edəcək.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından olimpnews.az-a daxil olan məlumata görə, "ClimBaku” İdman Dırmanması Mərkəzində üç mərhələdə (təsnifat, yarımfinal, final) keçiriləcək yarışda idmançılar boulderinq və sürət növləri üzrə qüvvələrini sınayacaqlar. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışın əsas məqsədi ölkəmizdə ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını inkişaf etdirmək və gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdir.