Güləş hakimləri üçün seminar keçirilib
Yaxın günlərdə Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan yeniyetmə güləşçilərin respublika turniri keçiriləcək. Turnir seçim və zona yarışları xarakteri daşıyacaq. Seçim yarışlarının Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun keçirilməsi və görüşlərin idarə edilməsində hakimlərin təlimatlandırılması məqsədilə Olimpiya Güləş Mərkəzində milli və beynəlxalq dərəcəli hakimlər üçün növbəti seminar keçirilib.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, AGF-nin Hakimlər Kollegiyası tərəfindən aparılan seminarda Dünya Güləş Birliyinin yeni təlimatları və qaydaları barədə hakimlər məlumatlandırılıb. Sonra bugünlərdə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatından videogörüntülər nümayiş etdirilib və qaydalar izah edilib. Mübahisəli məqamlar monitorda göstərilərək müzakirə edilib.
Seminar zamanı, bir neçə ay əvvəl III dərəcəli beynəlxalq hakim almaq üçün imtahandan keçmiş 5 nəfər milli dərəcəli hakimə Dünya Güləş Birliyinin lisenziya vəsiqələri, hakim qalstuku, qolçağı və fit hədiyyə edilib.
Hakimlərə vəsiqələri təqdim edən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
"İdmançılarla yanaşı, hakimlərimizin də uğurları bizi sevindirir. Federasiya olaraq, hakimlərimizin də bilik səviyyələrinin və təcrübələrinin artırılması üçün işlər görürük, bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Beynəlxalq yarışlarda nə qədər çox hakimimiz olarsa, bu həm federasiyamızın, həm də ölkəmizin uğurudur. İmtahandan keçərək beynəlxalq dərəcə alan hakimlərimizi təbrik edir, uğurlar arzulayıram. Digər milli dərəcəli hakimlərə isə, tövsiyə edirəm ki, güləş qaydalarını dərindən mənimsəyib, öz üzərlərində işləsinlər, xarici dil biliklərini artırsınlar. Belə olan halda onlar da növbəti imtahanlarda iştirak edib, beynəlxalq dərəcə qazanar, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə bilərlər".
olimpnews.az