XXII spartakiadaya yekun vuruldu

XXII spartakiadaya yekun vuruldu

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesinin işçiləri arasında mütəmadi olaraq, idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam ruhda formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəlisi hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr - Neftçilər Günü) ərəfəsində təşkil olunan Spartakiadadır.
Bu il də klub öz ənənəsini davam etdirərək, neft, qaz və kimya sənayesi işçilərinin XXII Spartakiadasını keçirib. Tədbirdə 31 müəssisənin komandası iştirak edib. Bu mötəbər yarışa 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə 1000-dən artıq iştirakçı qatılıb. İştirakçılardan 200-ü qadın olub. Yarışlar Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, atletika növündə İsmət Qayıbov adına Təlim-İdman Bazasında, üzgüçülük növündə isə "Start” İdman Kompleksində keçirilib. Sentyabrın 8-də start götürmüş Spartakiadaya ayın 14-də yekun vurulub.
Atletika növündə yarışlar şəxsi-komanda birinciliyi kimi kişilər və qadınlar arasında aşağıdakı proqram üzrə təşkil olunub: 100 metr məsafəyə qaçış, qaçaraq tullanma, yerindən tullanma və nüvəitələmə. Bu növlərdə hər müəssisədən üç idmançı iştirak etmək hüququna malik idi. Ən yaxşı bir nəticə hesabata daxil edilirdi. Hər iştirakçı proqramın yalnız üç növünə qatıla bilərdi. Komanda xalları (kişilər və qadınlar ayrılıqda) bütün iştirakçıların tutduğu yerlərin cəminə görə hesablanırdı. Atletikada kişilər arasında "Azərneftyağ” Neft Emalı Zavodu qalib adını qazandı. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 2-ci, "Neft Daşları” NQÇİ isə 3-cü yerə çıxdı. Qadınlar arasında "Neft Daşları” NQÇİ bütün komandaları üstələdi. Heydər Əliyev adına BNEZ 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü oldu. Atletikanın ailə yarışlarında oğlanlar arasında "Neft Daşları” NQÇİ liderliyə yüksəldi. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq, "Azərneftyağ” NEZ və Heydər Əliyev adına BNEZ bölüşdürdülər. Qızların yarışında da "Neft Daşları” NQÇİ birinciliyi heç kəsə güzəşt etmədi. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü yerə çıxdı.
Mini-futbol yarışlarında iştirak edən hər bir komandanın tərkibi 8 nəfərdən ibarət idi. Yarış ilkin mərhələdə püşkatmanın nəticəsinə əsasən yarımqruplarda keçirilirdi, hər qrupdan iki komanda final mərhələsinə vəsiqə qazandıqdan sonra isə mübarizə "uduzub çıxma” sistemi ilə davam etdirilirdi. Final mərhələsində oyunun əsas vaxtında qalib müəyyən olunmadıqda, qalibi müəyyən etmək üçün 3 altımetrlik zərbədən istifadə edilirdi. Yenə qalib müəyyən edilmirdisə, altımetrlik zərbələr qalibin təyin olunmasına qədər davam etdirilirdi. Final qarşılaşmasında isə 1-ci yerin sahibi oyunun əsas vaxtında müəyyən olunmasa, 10 dəqiqə əlavə vaxt verilirdi. Bu da qalibi müəyyən etməsə, altımetrlik zərbə qaydası tətbiq edilirdi.
Həmişə olduğu kimi, bu dəfə də idman növləri arasında ən kütləvisi mini-futbol oldu. Spartakiadanın əvvəlindən axırınadək gərgin mübarizə şəraitində davam edən turnirdə Nəqliyyat İdarəsi ilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin komandaları finala vəsiqə qazandılar. Çox maraqlı və azarkeşlər üçün həyəcanlı keçən qarşılaşmada Nəqliyyat İdarəsinin komandası mini-futbol yarışının qalibi adını qazandı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, "Azəriqaz” İstehsalat Birliyinin komandası isə 3-cü yeri tutdu.

Üzgüçülük yarışı kişilər və qadınlar arasında sərbəst üsulla üzməklə ayrılıqda keçirilirdi. Hər komandadan 3 kişi və 3 qadın iştirak edir və ən yaxşı nəticə hesabata daxil edilirdi. Qadınlar 25 metr, kişilər isə 50 metr məsafədə yarışırdılar. Kişilər arasında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun nümayəndəsi finişə ən tez çatan iştirakçı oldu. Neft Kəmərləri İdarəsi 2-ci, "Dalğıc” Qəzadan Xilasetmə İdarəsi isə 3-cü yerə çıxdı. Qadınların yarışında "Neft Daşları” NQÇİ-nin təmsilçisi lider oldu. Neft Kəmərlərinin xanım nümayəndəsi də finişə 2-ci çatdı. Heydər Əliyev adına BNEZ-in işçisi isə 3-cü pillədə qərarlaşdı.
Voleybol növü kişilər və qadınlar arasında ayrılıqda keçirilirdi və qaliblər də müvafiq olaraq ayrılıqda müəyyən edilirdi. Komandanın tərkibi 8 nəfərdən təşkil olunmuşdu. Oyun 3 hissədən ibarət idi və hər hansı komanda 2 hissəni udurdusa, oyun dayandırılırdı. Xallar taym-brek üsulu ilə hesablanırdı. Yarış ilkin mərhələdə yarımqruplarda, final mərhələsində isə "uduzub çıxma” sistemi ilə keçirilirdi. Voleybol növündə kişilər arasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsi liderliyə yüksəldi. "Azərneftyağ” NEZ və "Azərkimya” İstehsalat Birliyinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərar tutdular. Zərif cinsin nümayəndələri arasında Heydər Əliyev adına BNEZ bütün komandalardan üstün oldu. "Azərkimya” İB bu dəfə 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü oldu.
Stritbol yarışları kişilər və qadınlar arasında ayrılıqda keçirilirdi və qaliblər də müvafiq olaraq ayrılıqda müəyyən edilirdi. Komanda 4 nəfərdən ibarət idi. Oyun iki hissəni əhatə edirdi. Oyun ərzində səbətə düşən hər top 2, cərimədən atılıb səbətə düşən top 1, cərimə meydançasının kənarından atılan top isə 3 xal sayılırdı. Bu növdə kişilər arasında Neft Kəmərləri İdarəsinin komandası qalib adını qazandı. Heydər Əliyev adına BNEZ 2-ci, "Azərneftyağ” NEZ isə 3-cü sırada dayandı. Xanımların yarışında "Azərkimya” İstehsalat Birliyi liderliyə yüksəldi. Heydər Əliyev adına BNEZ bu dəfə də 2-ci pilləyə qalxdı. "Neft Daşları” NQÇİ isə 3-cü oldu.
Şahmat yarışında hər bir komandanın tərkibi 3 (2 kişi + 1 qadın) nəfərdən təşkil olunmuşdu. Qaliblər komanda birinciliyində müəyyən edilirdi. Şahmat növündə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun komandası 1-ci yeri tutdu. "Neftqazelmitədqiqatlayihə” İnstitutu 2-ci, Neft Kəmərləri İdarəsinin komandası isə 3-cü oldu.
Dama növündə də komandaların tərkibi və yarışın keçirilmə qaydaları eynilə şahmatda olduğu kimi idi. Bu növdə də Heydər Əliyev adına BNEZ liderliyini davam etdirdi. "Azəriqaz” İB və "Siyəzənneft” NQÇİ-nin komandaları isə müvafiq olaraq, 2-ci və 3-cü pillələrdə qərar tutdular.
Daşqaldırma idman növündə hər kollektivdən 5 nəfər iştirak edirdi (hər çəkidə bir nəfər). İştirakçılar çəki dərəcələrinə görə aşağıdakı qruplara bölünürdülər: 60 kq, 70 kq, 80 kq, 90 kq və 90 kq-dan yuxarı. Yarışlar 24 kq-lıq daşlarla keçirilirdi. Qaliblər daşı yerə qoymadan onun sağ və sol əllə qaldırılma sayının cəmi ilə komanda birinciliyində təyin olunurdu. Daşqaldırma növündə "28 May” NQÇİ-nin kollektivi ən güclü olduqlarını sübut edə bildilər. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq, Neft Kəmərləri İdarəsi və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tutdular.
Kəndirdartma növündə komandanın tərkibi 6 nəfərdən ibarət idi. Yarış "uduzub çıxma” sistemi üzrə qəbul olunmuş ümumi qaydalarla keçirilirdi. Ən çox azarkeş dəstəyi qazanan növlərdən olan kəndirdartmada Heydər Əliyev adına BNEZ qalib adını qazandı. Neft Kəmərləri İdarəsi 2-ci, "Azəriqaz” İstehsalat Birliyinin komandası isə 3-cü oldu.
Darts yarışında kişilər və qadınlar ayrılıqda yarışırdılar. Hər komandanın tərkibi 3 nəfərdən ibarət idi. İştirakçıların hər biri divardan asılmış nişangaha 3 metr məsafədən 6 cəhdlə xüsusi kiçik ox atırdılar. Qaliblər komanda üzvlərinin topladığı xalların cəminə görə müəyyən olunurdu. Eyni xal toplamış komandalar öz aralarında qalib müəyyən olunanadək yenidən yarışırdılar. Bu növdə kişilər arasında Neft Kəmərləri İdarəsinin kollektivi ən dəqiq komanda olmağı bacardı. "Siyəzənneft” NQÇİ 2-ci, "Azərneftyağ” NEZ isə 3-cü yerə layiq görüldü. Zəriflərin yarışında ən çox xal toplayan komanda "Neft Daşları” NQÇİ oldu. Neft Kəmərləri İdarəsi 2-ci, Heydər Əliyev adına BNEZ isə 3-cü yerə çıxdı.
Stolüstü tennis növündə hər komandadan 3 nəfər (2 kişi + 1 qadın) iştirak edirdi. Oyunlar müəyyən olunmuş qaydalar üzrə keçirilir və qaliblər komanda birinciliyində müəyyən edilirdi. Yarışlar ilkin mərhələdə yarımqruplarda keçirilir, hər qrupdan iki komanda final mərhələsinə çıxdıqdan sonra isə mübarizələr "uduzub çıxma” sistemi ilə davam etdirilirdi. Stolüstü tennis yarışından Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun komandası qalib ayrıldı. Qaz Emalı Zavodu və "Azərkimya” İstehsalat Birliyinin komandaları isə müvafiq olaraq, 2-ci və 3-cü yerləri bölüşdürdülər.
Nərd üzrə keçirilən yarışlarda komandanın tərkibi 3 nəfərdən ibarət idi. Qaliblər komanda birinciliyində müəyyən olunur, oyunlar "uzun” üsulu ilə keçirilirdi. Marsla qələbəyə 2, oyunla qələbəyə isə 1 xal verilirdi. Yarışda qadınlar da iştirak edə bilərdilər. Hər oyunçu bir tas oynayırdı. Yarış ilkin mərhələdə yarımqruplarda keçirilir, hər qrupdan iki komanda final mərhələsinə yüksəldikdən sonra mübarizə "uduzub çıxma” sistemi ilə davam etdirilirdi. Nərd növündə Heydər Əliyev adına BNEZ zirvədə qərarlaşdı. Neft Kəmərləri İdarəsi 2-ci, "Neft Daşları” NQÇİ isə 3-cü oldu.
Qolgücü idman növündə mübarizə kişilər arasında 70 kq, 80 kq, 90 kq və +90 kq çəki dərəcələri üzrə keçirilirdi. Yarışlar qəbul olunmuş ümumi qaydalarla keçirilirdi. Qolgücü yarışında da Heydər Əliyev adına BNEZ liderliyini qoruyub saxladı. Neft Kəmərləri İdarəsi 2-ci, "Neft Daşları” NQÇİ isə 3-cü sırada dayandı.
Güllə atıcılığı növündə yarışlar kişilər və qadınlar arasında ayrılıqda keçirilirdi. Komandanın tərkibi 3 nəfərdən təşkil olunmuşdu. Yarış iştirakçıları 10 metr məsafədən nişangaha pnevmatik tapançadan atəş açaraq yarışırdılar. Hər iştirakçıya 10 güllə verilirdi (5-i məşq, 5-i isə yarış üçün). Qalib komandalar onların üzvlərinin topladığı xalların cəminə görə müəyyən edilirdi. Komandaların bir neçəsi eyni xal toplayarsa, bu zaman onlar arasında qalib müəyyən olunanadək üçcəhdli yarış keçirilirdi. Çox maraqlıdır ki, güllə atıcılığı yarışında kişilər və qadınlar arasında eyni komandalar eyni pillədə qərar tutdular. Belə ki, hər iki cinsin nümayəndələri arasında Neft Kəmərləri İdarəsi 1-ci, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 2-ci, "Azərneftyağ” Neft Emalı Zavodu isə 3-cü yeri tutdular.
Beləliklə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (1013 xal) ümumi komanda hesabında XXII Spartakiadanın qalibi adını qazandı. Neft Kəmərləri İdarəsi (960 xal) 2-ci, "Neft Daşları” NQÇİ (932,5 xal) isə 3-cü yeri tutdu.
Qeyd edək ki, "Neft Daşları” NQÇİ hər dəfə spartakiadalarda fəal iştirak etsə də, ilk dəfə ən yüksək göstəriciyə nail oldu və 3-cü pilləyə yüksəldi. "Azərkimya” İstehsalat Birliyi isə spartakiadada ilk dəfə iştirak etməsinə baxmayaraq, 31 komanda arasında 5-ci sırada qərarlaşdı. Təbii ki, bunu komanda üçün böyük uğur hesab etmək olar.
Qaliblərə "Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olundu.
Bununla da neft, qaz və kimya sənayesi işçilərinin XXII Spartakiadasına yekun vuruldu.

Tofiq Ataxanoğlu,
"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist