Yeniyetmə və gənc güləşçilərin məşqçiləri ilə görüş keçirilib

Yeniyetmə və gənc güləşçilərin məşqçiləri ilə görüş keçirilib


Azərbaycan Güləş Federasiyasında yeniyetmə və gənclərdən ibarət yığma komandaların məşqçiləri ilə görüş keçirilib.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az saytına daxil olan xəbərə görə, görüş 2014-cü ilin 9 ayı ərzində qazanılan nailiyyətləri təhlil etmək, yığma komandaların hazırkı vəziyyətini və qarşıdan gələn yarışlara hazırlığı ilə bağlı fikir mübadiləsi aparmaq, məşqçilərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyıb.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov kiçik yaşlılar arasında perspektivli güləşçilərin diqqətdə saxlanmasının vacibliyini bildirib. Görüşdə qeyd edilib ki, il ərzində qazanılan nailiyyətlər nə idmançılarımızda, nə də məşqçilərimizdə arxayınçılığa səbəb yaratmamalıdır. Bu nailiyyətlərin davamlı olması üçün maksimum çalışmaq lazımdır. Xüsusilə, ehtiyat qüvvələrin aşkarlanması və diqqətdə saxlanılması çox vacib məsələdir.
Bildirilib ki, federasiyanın rəhbərliyi kiçik yaşlı uşaqların hazırlığına xüsusi diqqət yetirir. Məhz bu məqsədlə federasiyanın prezidenti Fazil Məmmədov tərəfindən yeniyetmə və gənc güləşçilərin inkişafı proqramı təsdiqlənib və uğurla icra edilir. Perspektivli güləşçilər yığma komandalara cəlb olunur, yerli və beynəlxalq səviyyəli müxtəlif yarışlarda sınaqdan keçirilir. Bu işlər fasiləsiz davam etdirilməlidir.
Görüşün yekunu olaraq yığma komandalara ehtiyat qüvvələrin cəlb edilməsi və perspektivli güləşçilərin aşkarlanması məqsədilə federasiya rəsmilərindən və məşqçilərdən ibarət nümayəndə heyətinin bölgələrə səfərləri qərara alınıb.