Rəşid Məmmədbəyovun xatirə turnirinə seçim yarışları başlayır

Rəşid Məmmədbəyovun xatirə turnirinə seçim yarışları başlayır


2014-cü ilin təqvim planına əsasən, oktyabrın 27-29-da Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq respublika turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a daxil olan görə, oktyabrın 4-dən 12-dək turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start verilir. Yarışın keçirilməsi həm də 2015-ci ildə keçiriləcək yeniyetmələrin Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
1998-99-cu il təəvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi AGF-in nümayəndəlikləri tərəfindən keçiriləcək. 2000-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışlarda iştirak edə biləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən, keçirilən yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
3 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 4-də Qobustanda, 2 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 4-5-də Sumqayıtda təşkil olunacaq. Oktyabrın 11-12-də 4, 6 və 7 saylı nümayəndəliklərin seçim yarışları baş tutacaq, yarışlar müvafiq olaraq Sabirabad, Şəki və Şəmkirdə keçiriləcək.
1 saylı nümayəndəliyin seçim xarakterli Bakı çempionatında isə, oktyabrın 8-9-da sərbəst, 10-11-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə açıq respublika turnirində iştirak hüququ əldə edəcəklər.