Gələcəyin olimpiyaçıları Hövsanda
Oktyabrın 2-3-də Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr arasında «Gələcəyin Olimpiyaçıları» açıq respublika turniri keçiriləcək.
Olimpnews.az xəbər verir ki, yarışın təşkil olunmasında əsas məqsəd ölkəmizdə sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıları yığma komandaya cəlb etmək, həmçinin xarici ölkələrin və MDB ölkələrinin idmançıları ilə dostluq əlaqələrini möhkəmlətməkdən ibarətdir.
Yarışlarda müxtəlif çəki dərəcələrində 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr iştirak edəcəklər. Turnirdə rəqabəti artırmaq məqsədilə Türkiyə, İran, Ukrayna, Qazaxıstan, Rusiya və Gürcüstan komandalarının iştirakı nəzərdə tutulub.
Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi ilə keçiriləcək yarışlar Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunacaq. Görüşləri AGF-in təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək.
Fəxri kürsünün ilk üçlüyündə qərarlaşan idmançılar diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar.