“Qarabağ atları” Fransada təqdim olunub

“Qarabağ atları” Fransada təqdim olunub

Atçılıq Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, federasiyanın təşkilatçılığı ilə Qarabağ atları haqqında kitab nəşr olunub. Kitab atçılığın tarixini araşdıran fransız yazıçı və tarixçisi, " Beynəlxalq At Oyunları Səfiri- 2014” tituluna layiq görülən Jan-Lui Quronun (Jean- Louis Gouraund) tərəfindən qələmə alınıb. Məlumat üçün bildirək ki,”Qarabağ atları” adı altında nəşr olunan kitab Fransanın Normandiya regionunda keçirilən Ümumdünya At Oyunları yarışları ərəfəsində işıq üzü görüb. Fransız və ingilis dillərində çap olunan "Qarabağ atları” 3000 tirajla buraxılıb. Kitabda Qarabağ atlarının xüsusiyyətləri, bu cinsin keçdiyi tarixi inkişaf yolu, habelə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində atların yer üzündən silinməsi təhlükəsi öz əksini tapıb.
Bununla əlaqədar olaraq, sentyabrın 2-də Ümumdünya At Oyunlarının keçirildiyi Kan şəhərində (Aşağı Normandiya regionunun inzibati mərkəzi) "Qarabağ atları” kitabının ilk təqdimetmə mərasimi olub. Beynəlxalq At Oyunlarının münsiflər heyətinin, qonaqların və mətbuat nümayəndələrinin iştirak etdiyi təqdimatda kitabın müəllifi J.L.Quro çıxış edib. O, ötən ilin dekabr ayında YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunması üzrə hökümətlərarası komitəsinin Bakıda keçirilən sessiyası zamanı Azərbaycanın qədim "çovqan oyunu” ilə əlaqədar aparılmış müzakirələrdə iştirak etdiyini bildirib. Çovqan oyunundan söhbət açan yazıcı bu yarışların Qarabağ cinsli atlar üzərində keçirildiyini vurğulayıb. Bildirilib ki, çovqan oyununun YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına salınması Qarabağ atlarına böyük maraq yaradıb. Müəllif bu tarixi hadisədən sonra Qarabağ atları barədə kitab yazmaq qərarına gəldiyini qeyd edib.
Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyova çıxış edib. Səfir çıxışında Fransada Qarabağ atlarına həsr edilmiş ilk kitabın nəşrinin əlamətdar hadisə olduğunu vurğulayıb. O, kitabın ilk təqdimatının məhz Normandiyada keçirilməsindən və Beynəlxalq At Oyunları ilə eyni vaxta təsadüf etməsindən danışıb. Səfir layihəni həyata keçirən J.L.Quro və kitabın hazırlanmasında kömək edən digər insanlara minnətdarlığını bildirib.
Elçin Əmirbəyov öz çıxışında qonşu Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, mədəni və təbii irsin məhv edildiyini təəssüflə qeyd edib. Bu səbəbdən Qarabağ atlarının öz döğma torpaqlarından didərgin düşdüyünü və yer üzündən silinmək təhlükəsi olduğunu bildirib, xalqımızın öz mədəni və təbii irsini qorumaq üçün göstərdiyi səylər nəticəsində Qarabağ cinsli atların yetişdirilməsi işində yeni inkişaf mərhələsinin başladığını deyib.
Qeyd edək ki, tədbirdə "Beynəlxalq At Oyunları-2014” Təşkilat Komitəsinin baş ditrektoru Fabien Qrobon, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov və Azərbaycan Respublikasının Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev iştirak ediblər. "Qarabağ atları” kitabının Parisdə təqdim olunması da nəzərdə tutulub.