«Neftçi İdman Klubu» xəbər verir

«Neftçi İdman Klubu» xəbər verir


Pouerliftinq:
Rusiyanın paytaxtı Moskvada pouerliftinq üzrə dünya çempionatı keçirilib. «Neftçi İdman Klubu»nun təmsilçisi Elmir Tarverdiyev (60 kq) dünya yarışında böyük uğura imza atıb. Belə ki, Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsinin 30 saylı komandasının atıcısı oturub- durma hərəkətində 170 kq, uzanaraq sinədən tədricən sıxmada 100 kq, yerdən dartma hərəkətində isə 215 kq ağırlığın öhdəsindən gəlib. Ümumilikdə 485 kq ağırlığı ram edən Elmir Tarverdiyev yeni dünya rekordçusu adını qazanıb. O, oturub-durma hərəkətində öz rekordunu yeniləyib. Xatırladaq ki, «Neftçi İdman Klubu»nun təmsilçisi 2009-cu ildə 165 kq nəticə ilə yeni dünya rekorduna yiyələnmişdi. Bundan əlavə, pouerliftinqçimiz yerdən dartma hərəkətində (215 kq) və ümumi çəkidə (485 kq) də dünya rekorduçusu olmuşdu.



Sumo:
Sentyabrın 18-dən 21-dək Belarusun Lida şəhərində sumo üzrə Avropa birinciliyi keçirilib. Yeniyetmələr və qızlar arasında təşkil olunan yarışda Azərbaycan sumoçuları da qüvvələrini sınayıblar.
«Neftçi İdman Klubu»nun yığma komandanın tərkibində yer alan idmançıları qitə birinciliyində uğurla çıxış ediblər. Yarışda klubumuzun yetirməsi Səbinə Qədirova (33 kq) birinci yeri tutub. Polşa, Rusiya və Ukrayna təmsilçilərini məğlubiyyətə uğradan xanım təmsilçimiz Avropa çempionu tituluna yiyələnib. Bu uğuru ilə Səbinə Qədirova Azərbaycan sumo tarixində Avropa çempionu adını qazanan ilk qız idmançımız olub.
Klubun digər yeniyetmə sumoçusu Sərdar Səfixanov (100 kq) isə ilk görüşlərə qələbə ilə başlasa da, yarımfinalda rusiyalı Konstantin Abdullazadəyə məğlub olub. Bürünc medal uğrunda mübarizəni davam etdirən yeniyetmə sumoçumuz bu mükafatı əldən verməyib.



Futbol:
«Neftçi İdman Klubu»nun «Qaradağ Lökbatan» komandası birinci divizionda çıxışını davam etdirir. 3-cü turun oyunları çərçivəsində «Qaradağ Lökbatan» «Kəpəz»lə üz-üzə gəlib. Bu qarşılaşmada qalib hakimin əlavə etdiyi dəqiqələrdə müəyyənləşib. Belə ki, «Qaradağ Lökbatan»ın futbolçusu Sərxan Ağayevin vurduğu yeganə qol komandamızın aktivindəki xalları 7-yə çatdırıb. Birinci divizionda 4-cü turun görüşləri sentyabrın 25-də keçirilib. «Dalğa Arena»da «Şuşa»nı qəbul edən «Qaradağ Lökbatan» növbəti qələbəsini yenidən bir qol sayəsində qazanıb. Matçın 10-u dəqiqəsində Yasin Yaqubzadənin vurduğu qol komandaya 10-u xalı qazandırıb. «Qaradağ Lökbatan» 4 turdan sonra 10 xalla liderlər qrupunda öz mövqeyini qoruyur.


Tofiq Gülməmmədov,
"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist