Ölkə çempionatının II dövrəsi başladı

Ölkə çempionatının II dövrəsi başladı

Bugünlərdə qadınlardan və 17 yaşınadək oğlan hokkeyçilərdən ibarət komandalar ölkə çempionatının II dövrəsinin ilk oyunlarını keçiriblər.
Qadınların yarışında paytaxtın "Atasport-2” və Sumqayıtın eyniadlı klublarının qarşılaşmasında qeyri-adi heç nə baş verməyib. Sumqayıt hokkeyçiləri birinci dövrədə olduğu kimi, yenə də çox zəif oynayaraq böyük hesablı məğlubiyyətə uğrayıblar - 0:6. Topların 4-nü rəqib qapısından Emilya Həsənova keçirib. Hərəyə 1 dəfə isə Angelina Martınova və Gülüm Rüstəmova fərqləniblər.
"Samur” (Qusar) və "Bakı” komandaları arasındakı matç isə böyük maraq doğurub. Qusar hokkeyçiləri bu qarşılaşmada kifayət qədər üstünlüyə malik olsalar da, onların qələbəsi cəmi 2 topla ifadə olunub - 2:1. Qusar hokkeyçisi Marina Süleymanovanın vurduğu 2 qola Aygün Muxtarova 1 topla cavab verib.
7 oyundan 16 xal toplayan "Atasport-2” klubu yarış cədvəlinə başçılıq edib. Rəqibindən 1 xal geri qalan "Samur” ikinci yeri tutub. "Bakı” hokkeyçiləri 10 xalla III yerdə qərarlaşıblar. "Sumqayıt” komandası isə keçirdiyi bütün oyunlarda məğlub olub.
17 yaşınadək oğlanların mükafatlar uğrunda keçirilən yarışında hər 2 oyunda əyalət təmsilçiləri böyük hesabla uduzublar: "Atasport-Binə” - "Olimp” (Masallı) - 8:1, "Atasport” (Sumqayıt) - "Xəzər” (Lənkəran) - 17:1.
Qeyd edək ki, qadınlar arasında növbəti turun oyunları sentyabrın 27-də keçiriləcək, 17 yaşınadək oğlan hokkeyçilər isə bir gün sonra yarışacaqlar.