Sumqayıtda velosipedçilərin və çaparların yarışı keçirilib

Sumqayıtda velosipedçilərin və çaparların yarışı keçirilib

Sumqayıta şəhər statusunun verilməsindən 65 il ötür. Bu münasibətlə şəhərdə silsilə tədbirlər keçirilir.
Sentyabrın 22-də ümummilli lider Heydər Əliyevin abidəsi önündəki meydanda gənc velosipedçilərin və çaparların şəhərin yubileyinə həsr edilmiş yarışı təşkil olunub.
Ənənəyə uyğun olaraq, yarışlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə keçirilib.




Yarışın açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, bayram tədbirlərində iştirak etmək üçün gəlmiş xarici qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Turnirdə şəhərin ayrı-ayrı yaşayış massivlərini təmsil edən və yaşı 14-dən yuxarı olan 200 nəfərdən çox həvəskar velosipedçi, eyni zamanda, 50-yə yaxın çapar at belində öz məharətini göstərib.
Tədbirdə qeyd edilib ki, bu il 65 yaşı tamam olan Sumqayıt şəhəri Azərbaycanda sosial-iqtisadi inkişafın əsl nümunəsi sayıla bilər. Burada əhalinin mədəni-kütləvi tədbirlərə cəlb olunması üçün göstərilən təşəbbüslər artıq gözəl ənənəyə çevrilib. Böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafında idmanın rolu müstəsna əhəmiyyət kəsb edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi istiqamətində bu tipli tədbirlərin təşkil olunması təqdirəlayiqdir. Böyük idmana gedən yol kütləvi bədən tərbiyəsi, məhəllələrdə idman hərəkatı və yarışlardan başlanır. Bu yarışlarda iştirak etməklə gənclər ilk növbədə zərərli vərdişlərdən uzaqlaşırlar.
Azərbaycanın dövlət himni səsləndikdən sonra idmançıların nümunəvi çıxışları başlayıb və musiqi nömrələri təqdim edilib. Sonra tədbirin rəmzi simvolu olan rəngarəng şarlar səmaya buraxılıb və yarışların startı verilib.
Şəhərin küçələrindən keçən marşrut üzrə yarışları on minlərlə sakin izləyib. Finiş xəttinə yaxınlaşma anı həvəskar idmançılar üçün çox böyük sınaq, tamaşaçılar və azarkeşlər üçün isə yarışların ən maraqlı məqamı olub. Azarkeşlər qalibləri böyük coşqunluqla qarşılayıblar.
Yarışda I, II, III yerləri tutan idmançılara müvafiq pul mükafatı, IV-X yerlərdə qərarlaşanlara isə xatirə hədiyyələri və diplomlar təqdim edilib.