Nərd üzrə açıq Azərbaycan çempionatı keçirilir

Nərd üzrə açıq Azərbaycan çempionatı keçirilir


Sentyabrın 26-da «Çuxur Qəbələ» idman kompleksində nərd üzrə açıq Azərbaycan çempionatına star verildi. Azərbaycan Respublikasının Milli İdman Növləri Assosiasiyasının rəhbərliyi ilə keçirilən yarışda ümumilikdə 25 komandadan 160-a yaxın iştirakçı mübarizə aparırdı. Üç gün davam edəcək çempionatda iştirakçılar nərdin uzun və döymə növlərində yarışacaqlar.
Yarışın açılış mərasimində Azərbaycan Milli İdman Növləri Assosiasiyasının rəhbəri Xanlar Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, gənclər və idman nazirinin sektor müdiri Aydın Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Veteranlar Şurasının sədri Yaşar Məmmədov, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirakçıları salamlayaraq onlara uğurlar arzuladı. O, Azərbaycanın milli idman növlərindən sayılan nərdin insanların asudə vaxtlarının səmərəli şəkildə keçirilməsində və zehni qabiliyyətin inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd edib. Raqif müəllim qalib gələn idmançıların beynəlxalq yarışlarda iştirak etməsi üçün ezamiyə məsələsində Milli İdman Növləri Assosiasiyasına dəstək olacağını bildirdi.


Milli Olimiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Milli İdman Növləri Assosiasiyasının ölkəmizdəki fəaliyyətindən danışaraq, nərd üzrə Azərbaycan çempionatının əhəmiyyətini vurğuladı. O, milli ənənələrin qorunmasında nərdin gözəl vasitə olduğunu diqqətə çatdırdı. Azərbaycan Veteranlar Şurasının sədri Yaşar Məmmədov çempionatda bölgə təmsilçilərin çıxışını sevindirici hal kimi qiymətləndirdi.
Gənclər və idman nazirinin sektor müdiri Aydın Məmmədov Azərbaycanın milliliyini tərənnüm edən nərd idman növünün qədim ənənəyə malik olduğunun vurğuladı.
Tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiysının baş katibi Əjdər Cəfərov yarışın keçirilməsində təşəbbüs göstərən hər kəsə minnətdarlığını bildidi. O, həmçinin yarışda qalib gələn idmançılara AGF tərəfindən qiymətli hədiyyələrində təqdim olunacağını əlavə etdi.