Sərbəst güləş komandamız Kaspiyskdə ikinci oldu

Sərbəst güləş komandamız Kaspiyskdə ikinci oldu

Sentyabrın 26-28-də Dağıstanın Kaspiysk şəhərində 1994-1996-cı il təvəllüdlü güləşçilər arasında Rusiya Federasiyasının qəhrəmanı, Rusiya Daxili İşlər Nazirliyinin general-mayoru Məhəmməd Ömərovun xatirəsinə həsr olunmuş I beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a daxil olan məlumata görə, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak ediblər. Komanda xarakterli yarışda Azərbaycanla yanaşı, Şimali Osetiya, Xasavyurt, Kaspiysk, Kabardin-Balkar və Dağıstanın komandaları mübarizə aparıb. Yarımqrupda Şimali Osetiya və Xasavyurt komandaları ilə birgə mübarizə aparan güləşçilərimiz hər iki rəqibini 6:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıbıar.
Finalda Dağıstan komandasının güləşçiləri ilə qarşılaşan təmsilçilərimiz 2:6 hesabı ilə məğlub olublar və Rusiya Federasiyasının qəhrəmanı Məhəmməd Ömərovun xatirəsinə həsr olunmuş I Beynəlxalq turniri ikinci sırada tamamlayıblar.
Xatırladaq ki, yarışda ölkəmizi məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında Arif Hüseynov (55 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Qitinomaqomed Hacıyev (66 kq), Məhəmmədhacı Muxutov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Turxan Qurbanov (96 kq) və Oyan Nəzəriani (120 kq) təmsil ediblər..
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı iştirak edib.