"Gələcəyin Olimpiyaçıları" turniri Hövsanda keçiriləcək
Oktyabrın 2-dən Bakıda "Gələcəyin Olimpiyaçıları" açıq respublika turniri start götürəcək.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az saytına daxil olan xəbərə görə, Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək yarışda sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr mübarizə aparacaqlar.
Azərbaycan pəhləvanları ilə yanaşı, yarışda İran və Rusiya güləşçiləri də iştirak edəcəkl’r. Turnirin məqsədi ölkəmizdə sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən? perspektivli idmançıları yığma komandaya cəlb etmək, həmçinin qonşu ölkələrin idmançıları ilə dostluq əlaqələrini möhkəmlətməkdən ibarətdir.
Turnirdə 32, 35, 38, 42, 47, 53, 59, 66, 73 və 85 kq çəki dərəcələrində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr iştirak edə bilər. 2002-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışa buraxılacaq.
Proqrama əsasən, oktyabrın 2-də sərbəst güləşçilər, 3-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər.
olimpnews.az