Beynəlxalq Paralimpiya Komitəsinin sessiyası olub

Beynəlxalq Paralimpiya Komitəsinin sessiyası olub

Almaniyanın paytaxtı Berlin şəhərində Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) sessiyası keçirilib. Sessiyada strateji məsələlər müzakirə olunub, BPK-nın 25-ci ildönümü qeyd edilib. Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) birinci vitse-prezidenti Natiq Qasımov və komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Mikayılov yığıncaqda iştirak ediblər. Natiq Qasımov BPK-nın prezidenti cənab Fill Kravenlə görüşüb, son dövrlərdə AMPK-nin gördüyü işlər və həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. BPK prezidenti AMPK-nin fəaliyyətini dəstəklədiyini və komitə tərəfindən əldə olunan nəaliyyətlərə sevindiyini bildirib. Qeyd olunub ki, bütün bunlar Azərbaycanda idmana və bədən tərbiyəsinə dövlət qayğısının bəhrəsidir. 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi və oyunlarda paralimpiyaçı cüdoçuların iştirakı bunu bir daha sübut edir. Fill Kreven BPK-nin 25 illiyi münasibətilə AMPK-nın prezidenti İlqar Rəhimov tərəfindən təbrik məktubu aldığını bildirib. Sonda Natiq Qasımov Fill Kreveni BPK-nın 25 illiyi münasibətilə təbrik edib.
Səfər ərəfəsində BPK-nın vitse-prezidenti Endrü Parsons, Beynəlxalq Boccia Federasiyasının prezidenti David Hadfeld, "BP” şirkətinin əlaqələr üzrə şöbəsinin direktoru Piter Henşou ilə görüşlər təşkil olunub. Bundan başqa, vitse-prezident Natiq Qasımov "BP”-nin beynəlxalq paralimpiya üzrə direktoru Seve Kyriacou, İngiltərə Paralimpiya Assosiyasının, Macarıstan,Ukrayna, Hindistan Paralimpiya Komitələrinin prezidentləri ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, uşaq Paralimpiya Hərəkatı və digər zəruri məsələlərlə bağlı müzakirələr aparıb.