Əlil arabasından marafon yarışlarına

Əlil arabasından marafon yarışlarına


İnsan iradəsinin qarşısında hər şey acizdir 


2003-cü ildə Venesiyada keçirilən diskotekada 21 yaşlı italiyalı model Layza Trevizianın huşsuz halda yerə yıxılması onun ömürlük şikəst qalması ilə nəticələnib. 25 gün komada qalan Layza iflic olmuşdu. Özünə gəldikdən sonra, məlum oldu ki, italiyalı gənc qız nitq qabiliyyətini də itirib. O, təkcə «si», «no» və «Miami» sözlərini deyə bilirdi: Lazya anlayırdı ki, keçirdiyi geniş infarkt onu ömürlük şikəst edə bilər. «Komadan ayıldıqdan sonra sağ ayağımı tərpədə bilmirdim. Mənə deyilənləri eşidir, başa düşürdüm. Lakin cavab vermək üçün söz tapa bilmirdim. Mənə elə gəlirdi ki, artıq heç vaxt yataqdan qalxmayacağam», - deyə italiyalı model bildirmişdi.
Məlumdur ki, geniş infakt beynin qanla təminatına mane olur. Geniş infakt, adətən, yaşlı insanlarda baş verir və ürəyin sabitliyini də pozur. Tibb mütəxəssislərinin sözlərinə görə, gənc insanlarda baş verən geniş infakt, yaşlılarda olan analoji haldan daha təhlükəlidir. Bu baxımdan, 21 yaşlı Layza Trezianın həyatı təhlükə ilə üz-üzə qalmışdı. Viçentsa xəstəxanasında müalicə olunan Layza 2 aydan sonra San- Corsio Ferrara Universtetinin hospitalında yerləşdirildi. Məhz bu cür xəstələrin müalicəsi üçün nəzərdə tutulan bu hospitalda 21 yaşlı italiyalının 6 ay çəkən əzablı günləri başladı. Onun həkimi, təcrübəli nevropotoloq Nina Bazalya bu gənc qızın həyata qayıtması üçün əlindən gələni əsirgəmədi. «Layzanın sol beyin yarımkürəsi tamamilə iflic olmuşdu. O, bizim hospitala gətiriləndə nə danışa, nə də yeriyə bilirdi. Ayaq üstə dayanan zaman öz çəkisindən 30 faiz artıq olan yükü belə, saxlamağa gücü çatmırdı. Layza sağ qolunu da işlədə bilmirdi», - deyə həkim qeyd etmişdi.
Nəhayət, uzun müalicə prossesi öz bəhrəsini verdi. 2007-ci ildə həkimlərin italiyalı modelin üzərində apardığı cərrahi əməliyyat Layzanın, qismən də olsa , sağlamlığını bərpa etdi. 6 ay əzab-əziyyət çəkən model nəinki xəstəliyə qalib gəldi, hətta hospitaldan çıxdıqlan sonra o, özünü idmanda sınamaq qərarını verdi. Kompleks bərpa kursu keçən Layza Trevizian qarşısına konkret məqsəd qoymuşdu: Nyu-York şəhərində keçirilən marafon yarışlarında iştirak edəcəkdi. Bu, geniş infarkt keçirən, ağır cərrahi əməliyyatdan çıxan bir insan üçün heç də asan deyildi. Lakin 21 yaşlı əzmkar, inadkar qız öz qərarını dəyişmək fikrində deyildi.

2008-ci il noyabrın 2-də Nyu- York şəhərində keçirilən marafon yarışlarına Layza da qatıldı. Uzun müddət əlil arabasında əyləşən bu qız iradənin, cəsarətin, əzmkarlığın sədd tanımadığını bir daha sübut etdi. O, 7 saat 54 dəqiqədən sonra finiş xəttini keçdi: Layza bu nəticə ilə 3-cü oldu. İtaliyalı qız marafonda iştirak edən və heç vaxt sağlamlığından şikayət etməyən yüzlərlə insanı geridə qoydu. İtaliyalı model Layza Trevizian bütün dünyaya bəyan etdi ki, insan öz iradəsi sayəsində bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir.
2009-cu ildə Layzanın «Si,si Nyu-York» adlı kitabı çapdan çıxıb. Həmin kitabda o, marafon yarışları və idmana məhəbbətindən bəhs edib.
Layzanın xəstəlik üzərində qələbəsi bəzi faktorlarla bağlıdır. Ona xəstəliklə mübarizədə ən müasir tələblərə cavab verən idman qurğularında məşq etməsi, bacarıqlı tibb mütəxəssislərinin müalicəsi, həmçinin yaxınlarının dəstəyi kömək edib. Şübhəsiz, bu işdə Layzanın əzmkarlığı, özünəinamı əvəzsiz rol oynayıb. Bu hadisə bir daha sübut edir ki, hər bir xəstəlik iradənin, əzmkarlığın qarşısında acizdir.
Hazırladı: Leyla Əsədova